"Qarabağ"dan möhtəşəm qələbə

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində
"Qarabağ"dan möhtəşəm qələbə

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. SİA-nın verdiyi məlumata görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb.

Ağdamın "Qarabağ" komandası doğma meydanda Maltanın "Valletta" klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxıb. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edirdi. Bu görüşdə "Qarabağ" rəqibini darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib - 4:0.

Qeyd edək ki, "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın "Zalsburq" klubu olacaq. İyulun 30-da Bakıda keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Maraqlıdır, Ağdamın ermənilər tərəfindən işğal olunmasının növbəti anım günündə "Qarabağ" möhtəşəm qələbə qazanmaqla bu qələbələrin axarıncı olacaşına bir işarə vurdu.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları

21:30."Qarabağ" (Azərbaycan) – "Valletta" (Malta) (İlk oyun - 1:0) - 4:0

Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).

Qollar: Reynaldo, 15 (1:0), Çumbinyo, 48 (2:0), Danilo Dias, 56 (3:0), Leroy Corc, 80 (4:0)

Qırmızı vərəqələr: Conathan Karuana, 19 ("Valletta"), Rayan Feneç, 84 ("Valletta")

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Muarem Muarem, Namiq Yusifov, Maksim Medvedyev, Hacı Əhmədov, Vüqar Nadirov

"Valletta": Vella, Karuana, Azzopardi, Dimeç, Feneç (k), Faria, Briffa, Bayada, Nafti, Elford - Alliyu, Yan Zammit

Ehtiyat oyunçular: Çini, Alkamali, Kuh-Sohna, Montebello, Zahra, Arab

***

"İlk növbədə rəqibi təbrik edirəm. "Qarabağ" daha yaxşı oynadı və qələbəyə layiq idi". Bu sözləri "Valletta" klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis "Qarabağ"ın daha güclü olmasını etiraf edib: "Uzun müddət on nəfərlə oynadıq. Daha sonra doqquz nəfərlə qaldıq. Ehtiyat qüvvəmiz yoxdur. Hakim qərarları haqda danışmaq istəmirəm. Çünki mənim fikrim heç nəyi dəyişmir.

Özünüz epizodları gördünüz. Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Düşünürəm ki, "Qarabağ" daha güclü olduğu üçün qalib gəldi. "Qarabağ"ın heyətində güclü futbolçular çoxdur. Danilo Dias və Reynaldo Silvanı xüsusi qeyd edə bilərəm".

Qeyd edək ki, "Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

***

Çempionlar Liqasının II təsnifat mərhələsində evdə "Valletta"nı (Malta) 4:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb.

Q.Qurbanov komandasının vacib qələbə qazandığını bildirib.

- Düşünürəm ki, vacib qələbə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Ancaq bu, xeyrimizə oldu və komandanın toparlanmağında rol oynadı. Yenə də çatışmazlıqlarımız var. Qarşıdan daha çətin oyunumuz gəlir. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək.

- Reynaldonun əvəzlənməsi nə ilə bağlı idi?

- O əzələsindən kiçik zədə aldı.

- Çoxları yenə "Qarabağ"a arzuolunmaz rəqibin düşdüyünü deyir...

- Xeyirlisi, qismətimiz budur.

- Sizcə, Rəşad Sadıqov və Maksim Medvedev qarşıdakı oyuna hazır olacaq?

- Qara və Maksim hazır olacaq. Rəşad isə sual altındadır. Ola bilər ki, tam hazır olmasın.

- "Zalsburq"un baş məşqçisi oyunu izləyənlər arasında idi. Ola bilər ki, Qurban Qurbanov bu görüşdə hansısa kartları gizlətsin?

- Yox, ciddi bir şey olmadı. Sadəcə o rəqibə qarşı başqa oyun oynayacağıq. Futbolçular öz işini gördülər.

- İlk oyunun evdə keçirilməsinin hansısa təsiri ola bilər?

- Təbii ki, hər bir komanda ilk oyununu səfərdə oynamaq istəyir.

- Çempionlar Liqasının oyunlarında ən böyükhesablı qələbə "Qarabağ"a məxsusdur...

- Biz belə şeylərə fikir vermirik. Ola bilər ki, digər oyunda burada 0:0, səfərdə 1:1 olsun və qalib biz olaq.

- "Valletta" önündə çatışmazlıqlar var. "Zalsburq"la oyunda bu çatışmazlıqları necə qiymətləndirirsiniz?

- Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.

- İştirak ərizəsinə yeni oyunçu gözlənilir?

- Yox, hələ ki, elə bir şey yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə