Güləşçilərimiz dünya çempionatında 11 medal qazanıb

Güləşçilərimiz dünya çempionatında 11 medal qazanıb

Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, çempionatda iştirak edən hər üç növ üzrə yığma komandalarımız, ümumilikdə, 2 qızıl, 6 gümüş və 3 bürünc medal olmaqla 11 medalla Vətənə qayıdır.

Qızıl medalları yığma komandamıza sərbəst güləş üzrə yarışan Teymur Məmmədov (63 kq) və Şamil Sadullayev (85 kq) qazandırıblar.

Nicat Abdullayev (76 kq), Soslan Fanziyev (85 kq) və Cavid Feyziyev (100 kq) yunan-Roma güləşində, Leyla Qurbanova (49 kq) qadın güləşində, Əfqan Xaşalov (50 kq) və Mahir Əmiraslanov (58 kq) isə sərbəst güləş yarışlarında yalnız finalda məğlub olaraq, gümüş medala sahib olublar.

Bürünc medalları isə yunan-Roma güləşi üzrə Seymur Hüseynov (46 kq), İslambek Dadov (69 kq) və qadın güləşi üzrə Türkan Nəsirova (46 kq) əldə ediblər.

Bu nəticə ilə güləşçilərimiz komanda hesabında da ön sıralarda qərarlaşıblar. Üç gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz komanda hesabında Rusiya yığması ilə eyni xalı toplayaraq ikinci nəticə göstəriblər. İki qızıl və 2 gümüş medal qazanan sərbəst güləşçilərimiz isə komanda hesabında beşinci pillədə qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə