Əjdər Cəfərov: “Dünya idmançıları bizimlə birlikdə məşqlərə qatılmağa can atırlar”

Əjdər Cəfərov: “Dünya idmançıları bizimlə birlikdə məşqlərə qatılmağa can atırlar”

"25-27 iyul 2014-cü il tarixində Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Hər 3 yığma komandamız yarışa hazırlıq məqsədi ilə gərgin məşqlərini davam etdirir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib. O, məşqlərə bir neçə ölkənin idmançılarının da qatıldığını qeyd edib: "Təlim-məşq toplanışında həm də Amerika, Norveç və Serbiyadan idmançılar iştirak edirlər. Artıq Azərbaycan yığmaları dünyanın ilk üçlüyündə olan komandalardır. Dünya idmançıları bizimlə birlikdə məşqlərə qatılmağa can atırlar".

Baş katibin sözlərinə görə, "Qızıl Qran Pri" beynəlxalq turnirinə bu il 39 ölkə qatılacaq: "Bu, rekord say tərkibidir. Bu yarış FİLA-nın təqvim planında sayılıb-seçilən yarışlardandır. "Qızıl Qran Pri" beynəlxalq turniri dünya və Avropa çempionatından sonra dünya ölkələri üçün çox böyük əhəmiyyət kəsb edir. Yarışın qaliblərinə Azərbaycan Güləş Federasiyası tərəfindən yüksək pul mükafatı təqdim olunur".

Ə. Cəfərov idmançılarımızın bu yarışda yüksək nəticələr qazanacağını düşündüyünü qeyd edib: "Cənab Prezident İlham Əliyev Azərbaycan güləşinə və güləşçilərimə hər zaman xüsusi diqqət və qayğı göstərir. Federasiya rəhbərliyi tərəfindən güləşçilərimiz üçün bütün lazımi şərait yaradılıb və ciddi məşq prosesi gedir. İnanırıq ki, idmançılarımız hər zaman Azərbaycan bayrağını yüksəklərdə saxlayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə