Azərbaycan velosipedçisi Avropa çempionatında uğurla çıxış edib

Azərbaycan velosipedçisi Avropa çempionatında uğurla çıxış edib

İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatı davam edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirmişlər ki, yarışın üçüncü günü Azərbaycan velosipedi üçün nailiyyətlə yadda qalmışdır. Belə ki, gənc velosipedçimiz Elgün Əlizadə 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 kilometr məsafəyə qrup yarışında çempion olmuş İtaliya idmançısına 9 saniyə uduzmaqla 12-ci yeri tutmuşdur.

Yürüşdə ümumilikdə 190 velosipedçi iştirak etmişdir.

Avropa çempionatının gedişini izləyən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev gənc idmançımızın çıxışını yüksək qiymətləndirmişdir: "Elgün Əlizadənin inamlı çıxışı bizə sabahımızın etibarlı əllərdə olmasına inam verir. Bu həm də onu göstərir ki, federasiya rəhbərliyi tərəfindən tətbiq edilən "Azərbaycanın İstedadlı Velosipedçiləri Proqramı" artıq öz bəhrəsini verməkdədir. Ümid edirəm ki, Elgün Əlizadənin bu nəticəsi yığma komandamızın digər üzvləri üçün də böyük stimul olacaqdır".

Avropa çempionatına U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 kilometr məsafəyə qrup ötüşməsi ilə yekun vurulmuşdur. Bu yaş qrupunda ölkəmizi "Synergy Baku" kontinental komandasının 2 üzvü - Tural İsgəndərov və Samir Cəbrayılov təmsil etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə