Pele Braziliyanın çıxışını fəlakət adlandırıb

Pele Braziliyanın çıxışını fəlakət adlandırıb

Əfsanəvi futbolçu Pele Braziliya yığmasının dünya çempionatının finalında çıxışını fəlakət saymışdır. Braziliya yığması yarımfinalda 1:7 hesabı ilə Almaniya komandasına, üçüncü yer uğrunda matçda isə Niderland futbolçularına məğlub olmuşdur. İTAR-TASS agentliyi Pelenin bu sözlərini sitat gətirmişdir: "Fəlakət gələndə bunu izah etmək olmur. Buna heç ilə cavab vermək olmaz. Bu, futboldur. Sürprizlərlə dolu qutu".

Bununla belə, Pele düşünür ki, Braziliya Futbol Federasiyası cavan oyunçularla işləməsi üçün yığmanın baş məşqçisi Luis Felipe Skolarini vəzifəsində saxlamalıdır.

Almaniya və Argentina yığmaları arasında final matçından əvvəl Pele bildirmişdir ki, onun fikrincə, dünya çempionatında Almaniya yığması qalib gəlməlidir. Bu, heç də onun braziliyalıların prinsipial rəqibinə - Argentina yığmasına uğursuzluq arzulamasını göstərmir.

Pele fikrini belə izah etmişdir: "Biz qonşuyuq, qardaşıq, problemimiz yoxdur. Lakin düzünə qalsa, Almaniya yığması daha güclü təsir bağışlayır. O, daha mütəşəkkildir. Lakin təkrar edirəm ki, bu, futboldur və burada nə desən baş verə bilər".

Turnirdən əvvəl üstünlük verdiyi dörd komandadan yalnız biri barədə yanıldığını etiraf edən Pele demişdir: "Mən Almaniya, Argentina, Braziliya və İspaniya yığmalarının uğur qazanacağına inanırdım. İspaniya barədə təxminlərim özünü doğrultmadı. Düşünürəm ki, İspaniya hamını yanıltdı".

Qeyd edək ki, dünya çempionatındakı çıxışını qrup mərhələsində başa vuran İspaniya 1/8 final mərhələsinə çıxa bilməmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə