Bu gecə "DÇ-2014"ün bürünc mükafatçısı bəlli olub. Üçüncülük uğrunda keçiriləcək oyunda Braziliya və Hollandiya yığmaları qarşılaşıb. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan Braziliya ikinci hissədə daha bir top buraxıb. Bu görüşdə 3:0 hesabı ilə qələbə qazanan Hollandiya yığması mundialın üçüncüsü olub. Braziliya millisi isə dördüncülüklə kifayətlənib.
Xatırladaq ki, yarımfinalda meydan sahibləri Braziliya Almaniyaya 1:7 hesabı ilə, Hollandiya isə Argentinaya penaltilər seriyasında (2:4)
uduzub.
01:00. Braziliya – Hollandiya - 0:3
Qollar: Van Persi, 3-pen. (0:1), Blind, 17 (0:2), Viynaldum, 90+1 (0:3)
Baş hakim: Camal Haymudi (Əlcəzair)
Komandalar oyuna aşağıdakı tərkibdə çıxıb:
Braziliya: Sezar, Tiaqo Silva (kapitan), David Luiz, Poulinyo, Oskar, Maksvel, Ramires, Qustavo, Vilian, Jo, Maykon
Hollandiya: Sillessen, Vlar, De Vrij, Martins İndi, Blind, Van Persi (kapitan), de Quzman, Robben, Kuyt, Klasie, Veynaldum
"DÇ-2014"ün üçüncü yer uğrunda görüşü çərçivəsində keçirilən Braziliya - Hollandiya matçının ən yaxşısı müəyyənləşib. FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa təmsilçisinin hücumçusu Aryen Robben oyunun ən yaxşısı seçilib. İlk hissədə komandasına penalti qazandıran təcrübəli futbolçu matç ərzində hücum xəttində aktiv oyunu ilə fərqlənib.
Braziliya millisinin müdafiəçisi Tiaqo Silva "DÇ-2014"ün üçüncü yer uğrunda görüşündə məğlub olduqları Hollandiya ilə oyun haqda danışıb. Təcrübəli futbolçu "be İN SPORTS"a açıqlamasında komandasının belə sonluğa layiq olmadığını bildirib: "Hamımız məyusuq. Dünya çempionatı ilə bağlı xəyallarımız var idi. Yuxusuz gecələr keçirdim, bu barədə düşünürdüm. Belə sonluğa layiq deyildik. Azarkeşlərimizdən üzr istəməliyik. Onlar matçın sonlarında bizi fitə basdılar. Bu, normaldır. Çünki onların da hissləri var".
Braziliya millisin baş məşqçisi Luis Felipe Skolari "DÇ-2014"ün üçüncü yer uğrunda görüşündə məğlub olduqları Hollandiya ilə oyundan (0:3) sonra komandadakı gələcək karyerası haqda açıqlama verib.
Ölkəsinin mətbuatına danışan təcrübəli mütəxəssis komandadakı gələcək karyerası ilə bağlı qərarı Braziliya Futbol Konfederasiyasının prezidentinin verəcəyini bildirib: "Yığmadakı gələcək karyeram haqda qərarı Braziliya Futbol Konfederasiyasının prezidenti verəcək. Görülən işlər barədə ona hesabat təqdim edəcəyik. Konfederasiya prezidenti işimizi təhlil edərək, qərarını verəcək. Məşqçi kimi üç dünya çempionatında çalışdırdığım yığma mundialı ən yaxşı 4 komanda sırasında bitirib. Burada oturub, bütün həyatımboyu ağlaya bilmərəm. Bu futbolçular ötən il Konfederasiyalar kubokunu qazandılar və gələcək komandanın əsasını qoydular".
Qeyd edək ki, "DÇ-2014"ün yarımfinalında Almaniyaya 1:7 hesabı ilə məğlub olan Braziliya millisinin mundialdan sonra Skolarini istefaya göndərəcəyi iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB