Avropa çempionatında üçüncü turun oyunları keçirilib

Avropa çempionatında üçüncü turun oyunları keçirilib

Xəbər verdiyimiz kimi, iyulun 5-dən 18-dək Bolqarıstanın Plovdiv şəhərində qadınlar arasında şahmat üzrə Avropa çempionatı keçirilir. İsveçrə sistemi üzrə 11 turdan ibarət olan turnirdə 116 şahmatçı qadın iştirak edir. Turnirdə medallardan əlavə, növbəti dünya kubokuna 14 vəsiqə uğrunda mübarizə gedir.

Üç turdan sonra hərəyə 3 xal toplamış üç iştirakçı liderlik edir. 17 iştirakçının hər biri 2,5 xal, 19 iştirakçının hər biri, o cümlədən Azərbaycan şahmatçıları Xəyalə Abdulla və Səbinə İbrahimova hərəyə 2 xal toplamışdır.

Azərbaycan nümayəndələrindən qrossmeysterlər Gülnar Məmmədova və Türkan Məmmədyarova, habelə Günay Məmmədzadə, Nərmin Kazımova və Aytən Amrayevə hərəyə 1,5 xal toplamışdır. Nərmin Xələfova və Nərmin Söyünlünün hər birinin aktivində 1 xal, Nərmin Məmmədovanın aktivində 0,5 xal vardır.

Dördüncü turda liderlər qrupunda aşağıdakı cütlüklər qarşılaşacaqlar: Xəyalə Abdulla – Olqa Girya (Rusiya), Səbinə İbrahimova – Almira Skripçenko (Fransa), Türkan Məmmədyarova- İrina Bulmaqa (Rumıniya), Günay Məmmədzadə - Melani Oxme (Almaniya), Gülnar Məmmədova – Nərmin Kazımova, Aytən Amrayeva – Lenka Plaçikova (İslandiya).

Turnirin mükafat fondu 60 min avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə