Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin təşkil etdiyi Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə start verilib. FHN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Neftayırma Müəssisələri üzrə Yanğın Mühafizə Dəstəsinin İdman bazasında keçirilən final mərhələsində 16 komandadan 128 idmançı iştirak edir.
Final mərhələsinin açılışı mərasimində çıxış edən FHN DYMX-nin rəisi, general-mayor Füzuli Əsədov bildirib ki, Azərbaycan 2002-ci ildən 25 ölkənin federasiyalarını birləşdirən Yanğınsöndürən və xilasedicilərin Beynəlxalq İdman Federasiyasının üzvüdür. Bu müddətdə Azərbaycanda 100-dən çox idman ustası və ustalığa namizəd yetişdirilib. Bu idman növü üzrə dünya çempionatı da 2017-ci ildə Azərbaycanda keçiriləcək. Cari ilin sentyabr ayında Qazaxıstanda keçiriləcək dünya çempionatında FHN DYMX-dən də hakim iştirak edəcək. Hazırda Azərbaycanda bu idman növü üzrə iki beynəlxalq dərəcəli hakim var.
Tədbirdə məlumat verilib ki, Yanğın-xilasetmə idmanı üzrə Respublika birinciliyinin zonalar üzrə keçirilmiş birinci mərhələsində 6 zona üzrə 49 komanda 392 idmançı ilə təmsil olunub. Bu yarışların qalibləri - Mingəçevir, Şirvan, Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarələri və İsmayıllı, Tovuz, Cəlilabad rayon Dövlət Yanğından Mühafizə hissələrinin komandaları final mərhələsinə vəsiqə qazanıblar. Bundan başqa, Səbail, Nəsimi, Xətai Binəqədi, Sabunçu və Nərimanov Dövlət Yanğından Mühafizə hissələrinin komandaları da mayın 22-24-də keçirilmiş Bakı birinciliyinin qalibləri kimi finala çıxıblar. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 2 komandası, habelə ARDNŞ-nin obyektləri üzrə Yanğın Mühafizə Dəstəsi və Neftayırma Müəssisələri üzrə Yanğın Mühafizə Dəstəsinin komandaları da bu mərhələdə iştirak edirlər.
Final mərhələsi iyulun 11-də başa çatacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB