Yeniyetmə qızlardan ibarət güləş üzrə Azərbaycan yığması Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını davam etdirir.
Yığmamız iyulun 15-dən 20-dək Slovakiyanın Snina şəhərində keçiriləcək yeniyetmələr arasında güləş üzrə dünya çempionatına hazırlaşır.
Yığma komandanın üzvləri Şamaxı Olimpiya İdman Kompleksində böyük məşqçi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında hazırlaşırlar. On səkkiz güləşçinin yer aldığı təlim-məşq toplanışı iyulun 13-dək davam edəcəkdir.
Millinin böyük məşqçisi Aslan Ağayev təlim-məşq toplanışı üçün federasiya tərəfindən hər bir şəraitin yaradıldığını, qələbə qazanmaq üçün çalışacaqlarını bildirmişdir. Yığma komandanın heyətində yeniyetmələrin Nancinqdə keçiriləcək II Olimpiya Oyunlarına lisenziya qazanan Türkan Nəsirova və Leyla Qurbanovanın da dünya çempionatında iştirak edəcəyini bildirən məşqçi onlara ümidlərinin daha çox olduğunu bildirmişdir.
Yığma komandamızın üzvü Türkan Nəsirova isə səylə çalışıb məşqçilərin və federasiya rəhbərliyinin etimadını doğrultmağa çalışacağını demişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB