Dördqat Olimpiya çempionu Vladimir Salnikov iyunun 30-da "Bakı 2015" Avropa Oyunlarının baş ofisində olmuş və direktorlar ilə görüşmüşdür. "Bakı 2015"dən bildirmişlər ki, qonağa ilk Avropa Oyunları ilə əlaqədar gedən hazırlıq işlərində əldə olunan irəliləyişlər barədə yeni məlumat təqdim edilmişdir. Rusiya Üzgüçülük Federasiyasının sədri, Rusiya Olimpiya Komitəsinin və FİNA Büronun İcraiyyə Komitəsinin üzvü, eyni zamanda, dördqat Olimpiya çempionu V.Salnikov Milli Gimnastika Arenası, "Baku Crystal Hall" və hazırda inşa edilən Bakı Akvatika Mərkəzi ilə tanış olmuşdur. O, həmçinin gələn ilin yayında keçiriləcək yarışlar müddətində 9 mindən çox idmançıya və rəsmilərə ev sahibliyi edəcək yeni tikilmiş "Bakı 2015 Atletlər Kəndi"ni də ziyarət etmişdir.
"Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod demişdir ki, mən dünyanın ən güclü üzgüçülərindən birini "Bakı 2015" Avropa Oyunlarının baş ofisində salamlamaqdan və ona möhtəşəm idman obyektlərimizdən bəzilərini göstərməkdən məmnunam. V.Salnikov çoxsaylı idman növləri üzrə əsas yarışların keçirilməsinin nə qədər çətin olduğunu və komitədə çalışan və yarışlara cəlb edilən hər kəsin unudulmaz Oyunların hazırlanmasına öz diqqətini yönəltdiyini bilir.
V.Salnikov demişdir ki, "Bakı 2015" Avropa Oyunlarının keçiriləcəyi obyektlərlə baş çəkmək və ilk Avropa Oyunlarını keçirmək istiqamətində nail olunan təsiredici irəliləyişlərin şahidi olmaq çox xoşdur. Öz ölkəsində keçirilən Oyunlarda yarışmaq hər bir idmançı üçün böyük ruh yüksəkliyidir və mən əminəm ki, hər bir azərbaycanlı rəqib bu idman obyektlərində yarışmaqdan zövq alacaq və uğur qazanmağa çalışacaqdır.
V.Salnikov 1980-ci ildə Moskva şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında 400 metr, 1500 metr və 4x200 metr məsafədə sərbəst üsul üzrə üzmədə qızıl medallar qazanmışdır. O, 1500 metr məsafəyə sərbəst üsulla üzərək bu məsafəyə 15 dəqiqədən az müddətdə üzən ilk idmançı olmuş və bununla yeni dünya və Olimpiya rekordlarına imza atmışdır. O, həmçinin 1988-ci il Seul Yay Olimpiya Oyunlarında 1500 metr məsafədə sərbəst üsul ilə üzmə yarışında qızıl medal qazanmışdır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.
"Bakı-2015" Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü isə qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB