Qəbələ Olimpiya Kompleksində təşkil olunacaq kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə bağlı iyunun 28-də mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında yarışın baş meneceri Dennis Krauvell əvvəlcə "Qəbələ" idman klubu ilə əməkdaşlıq əlaqələri barədə danışmışdır. Bildirmişdir ki, reytinq xarakterli döyüşlər keçirən "Glory" ilə əməkdaşlığa başlanılmışdır. Həmin əməkdaşlıq sayəsində güclü idmançılar üzə çıxardıqlarını deyən Dennis Krauell onların beynəlxalq arenada kifayət qədər tanındıqlarını vurğulamışdır.
Baş menecer demişdir: "Çalışdıq ki, "Qəbələ" klubunda yetişən idmançıları da "Glory"yə cəlb edək. İlk növbədə azərbaycanlı idmançıları yüksək səviyyəyə çatdırmağa nail olmalıyıq. Bu məqsədlə bir çox ölkələrdən müxtəlif döyüşçüləri bir araya gətirməyə çalışdıq. Bəziləri burada özlərini göstərərək yüksək nəticələr qazanmağa hazırdırlar".
Dennis Krauvell iyunun 29-da keçiriləcək yarışda tamaşaçıları bir-birindən maraqlı döyüşlərin gözlədiyini bildirmişdir. Onun sözlərinə görə, əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaqdır. Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan), Roman Mayılov (Ukrayna)-Matyuş Kopyek (Polşa), Quo Xianfenq (Çin)-Ramal Aslanov (Azərbaycan), Yuri Kel (Almaniya)-Telman Süleymanov (Azərbaycan), Teo Mikeliç (Xorvatiya)-Tadas Jonkus (Litva) görüşəcəklər. Sonra isə ağır çəkidə olan idmançıların 4 döyüşü baş tutacaqdır. Bu mübarizədə Erkan Varol (Türkiyə)-Albert Kraus (Hollandiya), Camal ben Saddiq (Mərakeş)-Hesdi Greqes (Misir), Lim Çi Bin (Koreya Respublikası)-Mosab Amrani (Mərakeş), Jiao Fukai (Çin)-Pərviz Abdullayev (Azərbaycan) üz-üzə gələcəklər.
"Qəbələ" İdman Klubunun media və marketinq departamentinin rəhbəri Səməd Nəsibov klubun nəzdində təkcə futbol deyil, digər idman növlərinin də fəaliyyət göstərdiyini söyləmişdir. O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağını bildirmişdir. Səməd Nəsibov qarşıdakı yarışın bütün iştirakçılarına uğurlar arzulamışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB