Şahmat ulduzları Dubaya toplaşıblar

Şahmat ulduzları Dubaya toplaşıblar

Dubayda sürətli şahmat və blits üzrə dünya çempionatı başlanmışdır. Dünyanın on ən güclü şahmatçısından səkkizi – dünya çempionu, norveçli Maqnus Karlsen, hindistanlı Vişvanat Anand, italiyalı Fabiana Karuana, amerikalı Hikaru Nakamura, israilli Boris Gelfand və bir çox digər tanınmış şahmatçılar Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərinə toplaşmışlar. Sürətli şahmat və blits üzrə dünya çempionatı iyunun 15-dən 20-dək Dubay şahmat mədəniyyət klubunda keçiriləcəkdir.

Yarışlarda 46 ölkədən şahmatçılar iştirak edirlər. Onlardan 28-nin 2700-dən yuxarı ELO reytinqi vardır. Çempionatda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qadir Hüseynov, Vasif Durarbəylli, Namiq Quliyev və Nicat Abbasov təmsil edirlər.

Yarışlar İsveçrə sistemi üzrə keçiriləcəkdir. Sürətli şahmat üzrə iyunun 16-dan 18-dək keçiriləcək turnirdə hər oyunçuya partiya üçün 15 dəqiqə ayrılacaqdır (birinci gedişdən başlayaraq hər gediş üçün 10 saniyə əlavə olunmaqla).

Blits üzrə iyunun 19-20-də keçiriləcək turnirdə hər oyunçuya partiya üçün üç dəqiqə ayrılacaqdır (birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla).

İyunun 16-da sürətli şahmat üzrə ilk beş tur oynanacaqdır. Oyun Bakı vaxtı ilə saat 16:00-da başlanacaqdır.

Proqramın hər iki növündə reytinqin favoriti amerikalı Hikaru Nakamuradır. İlk turda özü və cədvəldə tək nömrələr altında çıxış edən bütün iştirakçılar üçün fiqurların rəngini müəyyənləşdirmək hüququnu da H.Nakamura əldə etmişdir. Ona və bütün tək nömrələrə qara fiqurlar qismət olmuşdur.

Xatırladaq ki, sürətli şahmat və blits üzrə dünya çempionatı hər il keçirilir. Hazırda sürətli şahmat üzrə çempion azərbaycanlı Şəhriyar Məmmədyarov, blits üzrə çempion isə vyetnamlı Le Kuanq Lyemdir.

Yarışın mükafat fondu 400.000 ABŞ dolları təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə