Azərbaycan millisi bürünc medal qazandı

Azərbaycan millisi bürünc medal qazandı

İyunun 14-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatının ikinci gününə yekun vurulmuşdur. Əvvəlcə yeniyetmə gimnastlar fərdi proqram üzrə gürz və lentlərlə çıxış etmişlər.

İki günün nəticəsinə əsasən, Azərbaycan millisi Avropa çempionatında ilk medalını qazanmışdır. Yeniyetmələrin komanda hesabında gimnastlarımız – Jalə Piriyeva və Züleyxa İsmayılova bürünc medala sahib olmuşlar.

Rusiya millisi qızıl, Belarus kollektivi isə gümüş medal qazanmışlar.

J.Piriyeva, həmçinin yeniyetmələrin fərdi proqram üzrə yarışlarının iyunun 15-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

Böyüklərin fərdi proqram üzrə yarışlarında isə rusiyalı Yana Kudratseva fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Belarus təmsilçisi Melitina Staniouta gümüş, Ukrayna gimnastı Qana Rizatdinova bürünc medala sahib olmuşlar.

Azərbaycan gimnastları Marina Durunda çempionatı altıncı, Gülsüm Şəfizadə isə on beşinci pillədə başa vurmuşlar.

Bütün xəbərlər Facebook səhifəmizdə