Xorvatlar milli komandalara müraciət etdi

"Dünya Kubokunu dərhal Braziliya yığmasına təqdim edib vətənə yola düşün"
Xorvatlar milli komandalara müraciət etdi

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç Braziliyada futbol üzrə dünya çempionatının birinci matçında hakimin işindən narazı qaldığını bildirərək demişdir ki, komandasına münasibət dəyişməzsə, o, vətənə qayıtmalı olacaqdır.

Xorvatlar mundialın birinci oyununda Braziliya yığmasına 1:3 hesabı ilə məğlub olmuşlar. Matçın hakimi, yaponiyalı Yuiti Nisimura xorvat Deyan Lovrenin braziliyalı Fredə qarşı şübhə doğuran kobudluğuna görə 11 metrlik cərimə zərbəsi təyin etdikdən sonra turnirin ev sahibləri 71-ci dəqiqədə ikinci qolu vurmuşlar.

N.Kovaç demişdir: "Çempionata belə başladıqdan sonra evə qayıtmaq daha yaxşıdır. Mən hörmətdən danışıram. Bu matçda Xorvatiya yığmasına azacıq da olsa hörmət edilmədi. 11 metrlik cərimə zərbəsi ilə bağlı vəziyyətdə qayda pozulubsa, onda biz futbol oynamamalıyıq. Bunun yerinə basketbol oynayacağıq. Bu, biabırçılıqdır".

O, əlavə etmişdir ki, arbitrlər oyunları bu şəkildə idarə etsələr, onda çempionatda yüzlərlə penalti olacaq və turnir sirkə çevriləcəkdir.

Xorvatların müdafiəçisi, məşum "kobudluğun" müəllifi Deyan Lovren demişdir: "Məyusam, ağlamaq istəyirəm. Hər şeyi gördünüz. Bu, qalmaqaldır. Biz hörmətdən danışırıq, dünya çempionatından əvvəl görüşlər keçirilir, FİFA-nın nümayəndələri bizimlə hakimlər barəsində danışırlar. Bəs nə baş verir? Kubokun bəri başdan Braziliya komandasına təqdim olunması daha yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə