Bədii gimnastika üzrə XXX Avropa çempionatının açılış mərasimi keçirilib

Bədii gimnastika üzrə XXX Avropa çempionatının açılış mərasimi keçirilib

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXX Avropa çempionatının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki, Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek iştirak edib.

Öncə iştirakçı ölkələrin idmançıları parad şəklində arenaya dəvət olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri A.Rəhimov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb. Nazir 3-cü dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün Azərbaycana etimad olunduğuna görə, Avropa Gimnastika İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib: "Artıq 3-cü dəfədir ki, Bakı bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Avropa Gimnastika İttifaqının rəhbərliyinə bizə göstərdikləri etimada görə minnətdarıq və sizi əmin edirəm ki, biz bu dəfə də bu etimadı öz işimizlə doğruldacağıq. Bədii gimnastika bütün dünyada olduğu kimi, Azərbaycanda da sevilən idman növüdür və daim çoxsaylı tamaşaçı rəğbətini qazanıb. Xüsusilə, Azərbaycan Respublikasının birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra bədii gimnastikaya maraq artmış, idmançıların nailiyyətləri çoxalmış, ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər yüksək səviyyədə keçmiş və beləliklə, hamı üçün idman bayramına çevrilmişdir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev ölkədə uğurlu idman siyasətinin aparılmasında müstəsna rol oynayır. Dövlətin idmana göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda sürətli tikinti işləri aparılır və yeni idman obyektləri inşa edilir. Bədii gimnastika üzrə XXX Avropa çempionatının keçirildiyi bu möhtəşəm Milli Gimnastika Arenası dövlətimiz tərəfindən idmançılara və azarkeşlərə böyük idman hədiyyəsidir. Ümid edirəm ki, bütün idmançıların və mütəxəssislərin sevəcəyi bu arena gələcəkdə tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bir daha bütün idmançılara müvəffəqiyyət diləyir, hamıya qələbə həyəcanı hiss etməyi arzulayıram". Daha sonra

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki bədii gimnastika üzrə 30-cu Avropa Çempionatının açılış mərasimində çıxış etməkdən çox məmnun olduğunu qeyd edib : "Düz bir ildən sonra 19 idman növü üzrə Avropanın 6,000-dən artıq idmançısının ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşması tarixi bir hadisəyə çevriləcək. 2015-ci ilin Avropa Oyunları zamanı gimnastikanın 6 növü üzrə yarışları qəbul edəcək bu möhtəşəm, yeni, ixitisaslaşdırılmış məkan, bədii gimnastika üzrə Avropa çempionatından sonra sözün əsl mənasında gözəl bir gimnastika ənənəsinin varisi olacaq. Bu gözəl arenanın vaxtında hazır olub ərsəyə gəlməsində əməyi olan hər bir kəsi - xüsusilə də gənclər və idman naziri cənab Azad Rəhimovu təbrik edirəm. Fikrimcə, bu yarışda iştirak edəcək 450-dən artıq idmançı özlərinə məxsus bacarıqlarını nümayiş etdirmək üçün bundan yaxşı məkan düşünə bilməzdi. Qeyd edim ki, Avropa Olimpiya Komitəsinin prezidenti olaraq, istənilən idman növü üzrə Avropa çempionatını izləyəndə, həmişə böyük qürur hissi keçirirəm. Avropa ənənəvi olaraq qüvvətli bir idman qitəsidir. Bəxtimiz gətirib ki, ən istedadlı idmançıların bir neçəsi bizim sahillərdəndir. Onların böyük əmək və səyinin nəticəsidir ki, Avropa, Olimpiya dəyərlərinə möhkəm əsaslanan lider rolunu oynamağa davam edir. Sonda, bu idman bayramının bir parçası olduğum üçün sizə bir daha öz təşəkkürümü bildirirəm".

Avropa Gimnastika İttifaqının prezidenti Jorj Qelzek təmsil etdiyi qurum adından 30-cu Avropa çempionatında 33 ölkəni təmsil edən bütün idmançı və rəsmi şəxsləri salamlayıb. O, Avropa Gimnastika İttifaqı və xanım Hayde Brunederin rəhbərlik etdiyi Texniki Komitənin çempionatın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası və onun Yerli Təşkilat Komitəsinə həvalə edərkən, yarışların uğurlu təşkil ediləcəyinə əmin olduğunu bildirib: "Çempionat həm də onunla əlamətdardır ki, burada qrup hərkətləri komandaları gələn il Bakıda təşkil olunacaq İlk Avropa Oyunlarına lisenziyalar uğrunda mübarizə aparacaqlar. Son bir neçə ay ərzində bu mühüm tədbirin uğurlu olması üçün böyük səylə çalışan Azərbaycan Gimmnastika Federasiyası, Təşkilat Komitəsi və bütün könüllülərə öz səmimi təşəkkürümü bildirirəm. Gimnastlara ən xoş arzularımı çatdırıram. İştirak edən ölkələrin və tamaşaçıların bir çoxunun Azərbaycanın paytaxtında çox maraqlı yarış günləri yaşayacaqlarına inanıram. Avropa Gimnastika İttifaqı adından, bədii gimnastika üzrə XXX Avropa çempionatını burada, Bakı şəhərində açıq elan edirəm!"

Daha sonra isə mərasimin bədii hissəsi başlanılıb. Xüsusi işıq sistemlərindən və səs effəktlərindən istifadə olunaraq, bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvlərinin möhtəşəm şou xarakterli çıxışları tamaşaçıların marağına səbəb olub. Bədii hissədə Azərbaycanın dünyanın qədim yaşayış məkanlarından olması, tarixi şəxsiyyətləri, mədəniyyəti, müsiqisi, müasirliyini əks etdirən kompozisiyalar nümayiş olunub. Açılış mərasimindən sonra böyüklərdən ibarət qrup hərəkətləri komandalarının yarışları başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə