Altay Həsənov: "Ümidvaram ki, gimnastlarımız parlaq çıxışları ilə hamımızı sevindirəcəklər"

Altay Həsənov: "Ümidvaram ki, gimnastlarımız parlaq çıxışları ilə hamımızı sevindirəcəklər"

Sabah Bakıda təşkil olunacaq bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan konfransda Təşkilat Komitəsinin, eləcə də Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec, AGF-nin baş katibi, həmçinin Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, həmin qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder və Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva iştirak ediblər.

Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec bildirib ki, Azərbaycan paytaxtı artıq üçüncü dəfədir ki, bədii gimnastika üzrə Avropa çempionatını qəbul edir. Onun sözlərinə görə, bu irimiqyaslı tədbir Azərbaycanda 2007-ci və 2009-cu illərdə də yüksək səviyyədə təşkil olunmuşdu: "Biz yenidən bu çempionatın Bakıda keçirilməsinə görə çox şadıq. AGF bu sahədə peşəkardır. Bütün təşkilati işlər yüksək səviyyədədir. AGF-yə, Təşkilat Komitəsinə və Bakıya bu çempionatın yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirirəm.

Bu çempionat birinci Avropa Oyunlarına təsnifat xarakteri daşıyır. Yarışda 33 ölkədən 200-dən artıq idmançı 9 dəst medal uğrunda mübarizə aparacaq".

Təşkilat Komitəsinin, eləcə də Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov ölkəmizdə 3-cü dəfə təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatına yüksək səviyyədə hazırlıq işləri görüldüyünü, möhtəşəm açılış mərasimi təşkil olunacağını bildirib: "Ümidvaram ki, Avropa çempionatında yarışlar yüksək səviyyədə keçiriləcək və gimnastlarımız parlaq çıxışları ilə hamımızı sevindirəcəklər. Çempionat bu ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı olmuş, yenicə istifadəyə verilmiş Milli Gimnastika Arenasında təşkil olunacaq. Arzu edirəm ki, bu möhtəşəm idman kompleksi bütün yarış iştirakçıları üçün uğurlu olsun. Yeri gəlmişkən, Milli Gimnastika Arenasında Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışlar təşkil olunacaq.

Qeyd edim ki, Avropa Oyunlarına artıq düz bir il qalır. Hesab edirəm ki, bu oyunlar Azərbaycanın idman həyatında tarixi hadisəyə çevriləcək".

Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder isə təşkilatçılığın, texniki işlər və ümumilikdə yarış hazırlığının ideal olduğunu qeyd edib.

Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva idmançılarımızın yarışa yüksək səviyyədə hazırlaşdıqlarını, gimnastlarımızın Avropa çempionatında yüksək yerlər tutacaqlarına ümid etdiyini bildirib.

AGF-nin baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov isə yarışda iştirak edən idmançılar üçün paytaxtımızda hər cür şərait yaradıldığını, onların Olimpiya Kəndində məskunlaşdırıldığını qeyd edib. O, Milli Gimnastika Arenasının həm Olimpiya kəndinə, həm də Olimpiya stadionuna yaxın olduğunu, bu amilin 2015-ci ildə keçiriləcək Avropa Oyunları zamanı gimnastlar, məşqçilər və nümayəndə heyətlərinə rahatlıq yaradacağını deyib.

Qeyd edək ki, sabahdan Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 30-cu Avropa çempionatı keçiriləcək. Üç gün davam edəcək çempionatda 33 ölkənin 250-yə yaxın idmançısı mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə