Azərbaycan çempionatının səkkizinci turu başa çatıb

Azərbaycan çempionatının səkkizinci turu başa çatıb

Respublika Şahmat Mərkəzində 8-10-12 yaşlı qızlar və oğlanlar arasında Azərbaycan çempionatının başa çatmasına 3 tur qalmışdır.

Hər qrupda 12 zəka sahibi çempion adı uğrunda mübarizə aparır.

8-ci turdan sonra 12 yaşlı oğlanlar arasında Bakı şahmatçısı Kənan Qarayev 7 xalla zirvənin tək sahibidir. FİDE ustası Abdulla Qədimbəyli 6,5 xalla ikinci, Sumqayıt təmsilçisi Murad İbrahimli isə 5,5 xalla üçüncü yerdədirlər.

Eyni yaşda olan qızlar arasında Sumqayıt şahmatçısı Ləman Hacıyeva 8 oyundan 8 xal toplayaraq yeganə məğlubedilməz şahmatçıdır. Gövhər Beydullayeva (Bakı) 6,5 xalla ikinci, Zeynəb İsmayılzadə isə (Mingəçevir) 6 xalla üçüncü yerdədirlər.

Çempionatda 10 yaşadək oğlanların mübarizəsində Bakı təmsilçisi Fərid Mustafayev aktivinə 6,5 xal yazaraq vahid liderdir. Biləsuvar şahmatçısı Xəzər Babazadə 6 xalla ikinci, Əhməd Əhmədzadə 5,5 xalla üçüncü pillənin sahibidirlər.

Bu yaş qrupunda yarışan qızlar arasında isə ikihakimiyyətlilikdir. Sumqayıt şahmatçısı Səbinə Rzalı və Ayan Allahverdiyeva (Bakı) 6,5 xal toplayaraq zirvəni bölüşürlər. Mələk İsmayıl isə aktivinə 5,5 xal yazaraq ilk üçlükdədir.

Ümid Aslanov (Bakı) 8 oyundan 6 xal toplayaraq 8 yaşlı oğlanlar arasında birinci yerdədir. Sənan Xudiyev, Fərhad Məmmədəliyev, Murad Fətəlizadə və Məhərrəm Qarayev 5,5 xalla 2-5-ci yerləri bölüşdürürlər. 8 yaşadək qızlar arasında Mingəçevir təmsilçisi Aysel Səlimova 8 oyundan 8 xal toplayaraq 100 faizlik nəticə göstərmişdir. Gülzar Hüseynova (Sumqayıt), Nərmin Nəsibova (Bakı) və Füzuli şahmatçısı Səmra Qasımova hərəyə 5 xal toplayaraq 2-4-cü yerləri bölüşdürürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə