IV Caspian Cup turnirinin qalibi müəyyənləşib

IV Caspian Cup turnirinin qalibi müəyyənləşib

Bayıl stadionunda İran və Türkiyənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçirilmiş final oyunu ilə IV Caspian Cup beynəlxalq turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, rəqibini 1:0 hesabı ilə məğlub edən İran yığması turnirin qalibi adını qazanıb.

III yer uğrunda qarşılaşmada Tacikistan komandasına 4:0 hesabı ilə qalib gələn Azərbaycan U-17 yığması turniri mükafatçılar sırasında başa vurub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Özbəkistan yığması Fair Play mükafatına layiq görülüb. 4 qolla turnirin bombardiri olan Səid İbadova xüsusi mükafat verilib. İran yığmasının qapıçısı Nejat Farid "Turnirin ən yaxşı qapıçısı", Türkiyə komandasının üzvü Enis Durak isə "Turnirin ən yaxşı oyunçusu" seçilib. III yerin sahibi Azərbaycan U-17 yığmasına bürünc, finalda məğlub olmuş Türkiyə komandasına gümüş, turnirin qalibi İran futbolçularına isə qızıl medallar və kubok təqdim olunub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı Nazim Süleymanov və "Clear" şirkətinin nümayəndəsi təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə