“Baku Fires” və “Cuba Domaderos” boks komandaları arasında final görüşü olacaq

“Baku Fires” və “Cuba Domaderos” boks komandaları arasında final görüşü olacaq

Xəbər verdiyimiz kimi, iyunun 6-7-də Bakıdakı "Sərhədçi" İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqası yarışlarının final mərhələsi keçiriləcəkdir. Həlledici görüşdə Azərbaycanın "Baku Fires" və Kubanın "Cuba Domaderos" kollektivləri üz-üzə gələcəklər.

Bununla əlaqədar iyunun 5-də "Kempinski Badamdar Baku" mehmanxanasında mətbuat konfransı təşkil olunmuşdur.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran WSB-nin rəhbəri Kərim Bouzidi görüşün gərgin idman mübarizəsi şəraitində keçəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, WSB Liqasının dördüncü mövsümü yekunlaşmaq üzrədir. Bu möhtəşəm yarışın final mərhələsinə Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir. "Baku Fires" cari mövsümdə uğurla çıxış etmiş və azarkeşlər maraqlı görüşlərin şahidi olmuşlar. Kuba təmsilçisi də peşəkar idmançılardan ibarətdir. Ümid edirəm ki, turnirin final mərhələsi Azərbaycan bokssevərləri üçün əsl bayram olacaqdır.

K.Bouzidi yeni mövsümün daha maraqlı olacağını və növbəti yarışda klubların sayında artımın olacağını da qeyd etmişdir.

"Cuba Domaderos"un baş meneceri Alberto Puig Azərbaycana yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, möhtəşəm şou olacaqdır. Burada idmançılarımızın hamısı özlərini çox yaxşı hiss edirlər. Finalın ədalətli keçəcəyinə və güclünün qalib gələcəyinə inanıram. Biz "Baku Fires"in finala çıxdığını bildikdən sonra bu döyüşə çox ciddi hazırlaşdıq. Bakı təmsilçisi rəhbərlikdən boksçularadək hamısı peşəkarlardan qurulmuşdur. Son sözü rinqdə deyəcəyik. Çünki Kubadan bura gəlib 2 gün istirahət etmişik və bunun qarşılığı olaraq, Vətənə kubokla qayıtmaq istəyirik.

"Baku Fires"in baş meneceri Rizvan Gənciyev də hər 2 matça qələbə üçün çıxacaqlarını demişdir. Bildirmişdir ki, idmançılarımız gənc olsalar da, yüksək əhval-ruhiyyədədirlər. Uğurlu çıxışı davam etdirib mövsümü qalib kimi başa vurmaq istəyirik. Finalların Bakıda keçirilməsi, doğma arena və azarkeşlər xeyrimizədir. İlk görüşdə bizi həmişəki kimi 5:0 hesablı nəticə qane edəcəkdir.

Hər iki komandanın baş məşqçisi finala ciddi hazırlaşdıqlarını demişdir.

Sonra çəki prosesi keçirilmişdir.

Qeyd edək ki, iyunun 6-da Məhəmməd İbiyev (49 kq, "Baku Fires") Yosbani Veita ("Cuba Domaderos") ilə, Məhəmməd Qurbanov (56 kq) Norlan Yera ilə, Heybətulla Hacəliyev (64 kq) Yasiner Toledo ilə, Xaybula Musalov (75 kq) Arlen Lopezlə, Əbdülqədir Abdullayev (91 kq) Erislandi Savon ilə qarşılaşacaqlar. Bir gün sonra Elvin Məmişzadə (52 kq, "Baku Fires") Gerardo Servantez ("Cuba Domaderos") ilə, Albert Səlimov (60 kq) Lazaro Alvares ilə, Məhəmməd Nuruddinov (69 kq) Roniel İqlesias Soqolonqo ilə, Mixail Dolqolevets (81 kq) Xulio Sezar de la Kruz ilə, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Xose Larduet ilə üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə