1 saylı nümayəndəliyin güləşçiləri təsnifat yarışında sınaqdan keçiriləcək

1 saylı nümayəndəliyin güləşçiləri təsnifat yarışında sınaqdan keçiriləcək

10-11 iyun 2014-cü il tarixində Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşq edən sərbəst və yunan-Roma güləşi üzrə 2001-2003-cü il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları keçiriləcək. SİA-nın məlumatına görə, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək, ehtiyat qüvvələri aşkarlamaq və perspektivli güləşçiləri üzə çıxarmaqdır.

FİLA-nın qaydalarına əsasən keçiriləcək yarışda 2001-2002-ci il təvəllüdlü idmançılar iştirak edəcək. 2003-cü il təvəllüdlü idmançılar isə həkim və valideynin icazəsi ilə yarışa qatıla biləcək. Şəxsi xarakter daşıyan yarışda 26, 29, 32, 35, 38, 42, 47, 53, 59 və 66 kq çəkilərdə güləşçilər mübarizə aparacaq. Hər bir klubdan eyni çəki dərəcəsində maksimum 2 idmançı iştirak edə bilər.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçiriləcək yarışda, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Qaliblər Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə