Amazon hinduları İngiltərə yığmasına meydan oxuyur

Amazon hinduları İngiltərə yığmasına meydan oxuyur

Amazonun Kayalo tayfasından olan hindular İngiltərənin futbol üzrə yığma komandasının məşqçisi Roy Hojsona yoldaşlıq görüşü keçirməyi təklif etmişlər. Xarici KİV-lərə istinadla xəbər verilir ki, xüsusi amansızlığı ilə məşhur olan yerlilər İngiltərə futbolçuları ilə dünya çempionatında "Braziliya komandası ilə final matçından" sonra cəngəllikdə tayfanın ərazisində oynamaq istəyirlər.

R.Hojsona göndərilmiş məktubu tayfa başçıları Raoni Metikture və Meqaron Tksukarramaz imzalamışlar.

Xatırladaq ki, İngiltərə yığmasının məşqçisi əvvəllər komandasının mundial zamanı Manaus şəhərində yaşayacağına görə narazılığını bildirmişdi. Sonralar R.Hojson üzrxahlıq etmiş, tayfanın yerli hakim dairələri və başçıları bunu qəbul etmişdilər.

Kayalo tayfasının "Daily Mail" qəzetində dərc olunmuş müraciətində deyilir: "Biz hamımız böyük futbol pərəstişkarlarıyıq. İstəyirik ki, İngiltərənin yığma komandası Kayalodan olan futbol komandası ilə görüşsün. Biz Amazon cəngəlliklərinin şərq hissəsində Şinqu çayının yaxınlığında yaşayırıq. Kəndimizdə tayfa üçün ənənəvi olan həyat tərzi hökm sürür. Bu sizə adətlərimizlə tanışlıq üçün çox yaxşı imkan olacaqdır".

İngiltərə Futbol Assosiasiyasının və yığma komanda qərargahının nümayəndələri hələlik Kayalo tayfası başçılarının məktubuna heç bir reaksiya verməmişlər.

İngiltərə yığma komandası dünya çempionatının ilk oyununu iyunun 14-də Manaus şəhərində İtaliya komandası ilə keçirəcəkdir. Roy Hojsonun yetirmələri həmçinin qrup mərhələsində San-Pauluda Uruqvay, Belu-Orizontidə isə Kosta-Rika ilə qarşılaşmalı olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə