Şəhriyar Əliyev: "Ölkənin bir nömrəli komandasına dəvət almaq məsuliyyəti daha da artırır"
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandası hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, millimizin üzvləri Şəhriyar Əliyev və Qara Qarayev toplanışla bağlı fikirlərini bildiriblər:
Şəhriyar Əliyev: "Mövsüm başa çatdıqdan sonra milli komandanın heyətinə cəlb olunmuşuq. Burada yaxşı hazırlaşırıq, komanda ürəklə məşq edir. Təlim-məşq toplanışı çərçivəsində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcəyik. Oyuna ciddi yanaşırıq. Bu yoldaşlıq görüşü Avropa çempionatının seçmə mərhələsindəki oyunlarımıza müsbət təsir edəcək.
İlk dəfədir milli komandaya dəvət olunmuşam. Həyəcanlı olduğumu deməzdim. Ölkənin bir nömrəli komandasına dəvət almaq məsuliyyəti daha da artırır. Çalışacağam ki, mənə verilən bu şansdan maksimum yararlanım. Komanda üzvlərinin hamısı mənə dəstək olur. Ümumiyyətlə, mehriban kollektivimiz var. Bir ailə kimiyik. Burada hər şey çox gözəldir".
Qara Qarayev: "Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq. Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. ABŞ yığması ilə görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar.
Artıq bir neçə toplanışdır milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB