AGF prezidenti Fransa Güləş Federasiyasının prezidenti ilə görüşüb

AGF prezidenti Fransa Güləş Federasiyasının prezidenti ilə görüşüb

Fransada işgüzar səfərdə olan Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində fransalı həmkarı Alen Bertolonla görüşüb. SİA-nın məlumatına görə, görüşdə Alen Bertolon 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına böyük maraq göstərdiklərini və bu oyunların Fransada daha geniş təbliği üçün cari ilin dekabrında Fransada Azərbaycan güləşçilərinin iştirakı ilə bir yarış təşkil etmək niyyətində olduqlarını bildirib.

Bu təklifi böyük məmnuniyyətlə qəbul edən Fazil Məmmədov həmin yarışın hər iki federasiyanın təşkilatçılığı ilə keçirilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirib. O, Avropa Oyunları ərəfəsində fransalı güləşçilərin ölkəmizdə azərbaycanlı güləşçilərlə birlikdə təlim-məşq toplantısında iştirakının təşkil olunacağını və beləliklə də, Fransa güləşçilərinin yerli şəraitə daha tez adaptasiya olunmaları üçün hər cür şərait yaratmağa hazır olduqlarını bildirib.
Tərəflər Bakıda keçiriləcək ilk Avropa Oyunlarının birgə təbliği istiqamətində görüləcək işlər barədə ümumi razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə