Belçikada keçiriləcək “Avropa Xüsusi Yay Olimpiya oyunları 2014”-də azərbaycanlı idmançılar iştirak edəcəklər
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Belçika Krallığının Lommel şəhərinin meri Peter Vanvelthovenin dəvəti ilə Lommel şəhərinə səfər edib. Bu barədə SİA-ya səfirlikdən məlumat veriblər.
Səfərin məqsədi Lommel meriyasının cari ilin 9-20 sentyabr tarixlərində Antverpen şəhərində keçiriləcək "Avropa Xüsusi Yay Olimpiya oyunları 2014"-də (2014 Special Olympics European Summer Games) iştirak edəcək Azərbaycan nümayəndə heyətinə Lommel şəhərində yaradılacaq şəraitlə bağlı təqdimat mərasimində iştirak etmək olub.
"Avropa Xüsusi Yay Olimpiya oyunları" əqli cəhətdən qüsurlu olan idmançıların iştirak etdiyi olimpiyadadır. Oyunlarda iştirak etmək üçün 45 nəfər həmvətənimiz 9-13 sentyabr 2014-cü il tarixlərində Belçikada səfərdə olacaqdır. Bu tarixlərdə Belçikanın bir sıra şəhərləri, o cümlədən Lommel şəhəri 58 ölkədən 2000 idmançı və 1000 məşqçini qəbul edəcək.
Olimpiya məşəlinin 2014-cü ilin 10 sentyabr tarixində Lommel şəhərinə gətirilməsi, oyunların açılış mərasiminin paytaxt Brüssel şəhərində, bağlanış mərasiminin isə Antverpen şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin səfər proqramına həsr olunan təqdimat mərasimi zamanı Azərbaycandan gələcək 45 nəfər əqli cəhətdən qüsurlu idmançının və onların ailə üzvlərinin Lommel şəhərində yerləşdiriləcəyi və nümayəndə heyəti üçün nəzərdə tutulmuş səyahət proqramı barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB