ƏƏSMN-də idman turnirlərinə yekun vurulub

ƏƏSMN-də idman turnirlərinə yekun vurulub

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq keçirilən idman yarışlarına (mini-futbol və şahmat turnirləri) yekun vurulub. SİA-nın məlumatına görə, bununla bağlı olaraq keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi naminə göstərmiş olduğu tarixi xidmətlərdən söz açıb. O, Prezident İlham Əliyevin xalqın rifahı naminə yorulmadan çalışdığını bildirib: "Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursu 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən zamanın çağırışlarına uyğun şəkildə uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsi olaraq, bütün sahələrdə, eyni zamanda ölkədə rifah halının yüksəldilməsi sahəsində bir-birinin ardınca mühüm nailiyyətlər əldə olunur. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə cari ilin ötən dövründə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə cənab Prezident tərəfindən artıq 8 Fərman və Sərəncam imzalanıb".

Nazir Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən belə idman tədbirlərinin mahiyyət etibarilə gənclərin idmana meylinin dəstəklənməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.

Daha sonra nazirliyin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında mini-futbol turnirinin qalibləri mükafatlandırılıb. Üçüncü yerə çıxmış Dövlət Sosial Təminat Xidmətinin mərkəzi aparatının komandasına, ikinci pillədə qərarlaşmış Dövlət Məşğulluq Xidmətinin mərkəzi aparatının komandasına və yarışın qalibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatının komandasına kubok təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə