Bakıda idman dırmanması üzrə Dünya Kuboku yarışının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, Dövlət Bayraq Meydanı yaxınlığında təşkil olunmuş yarışın açılışında gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov, Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson, idmançılar, jurnalistlər və azarkeşlər iştirak ediblər. İdmançılar parad şəklində meydana daxil olduqdan sonra, nazir A.Rəhimov çıxış edərək ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb. O, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir ölkəmizdə təşkil olunmuş beynəlxalq yarışlardan söz açaraq, Azərbaycan idmanının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O, bu gün start verilən idman dırmanması üzrə Dünya Kubokunun əhəmiyyətindən söz açıb və idmançılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov iştirakçıları salamlayaraq, Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilində dünyanın nümunəvi ölkələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, ötən il keçirilən Dünya Kubokunun möhtəşəm təşkil olunması beynəlxalq federasiyanın diqqətindən yayınmayıb: "İkinci dəfədir ki, Dünya Kuboku Azərbaycanda keçirilir. Ötən il beynəlxalq federasiya bu tədbirin Azərbaycanda keçirilməsinə tərəddüd edirdi. Ancaq yarış ölkəmizdə keçiriləndən sonra məlum oldu ki, Azərbaycan Dünya Kubokunu yüksək səviyyədə təşkil edib. Yarışın həm məkan, həm də təşkilatçılıq cəhətdən möhtəşəmliyini, ölkəmizdə idmana göstərilən diqqət və qayğını görən beynəlxalq federasiya bu dəfə özü Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün müraciət etdi".
Onun sözlərinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yarandığı qısa zaman ərzində böyük uğurlara imza atıb. Federasiya prezidenti vurğulayıb ki, ölkəmizə təşrif buyurmuş peşəkar idmançıların reaksiyasından onların yarışın təşkilatçılığından razı olduqları bəlli olur.
"Əvəllər idman dırmanması Azərbaycanda çox zəif idi, ancaq qısa zaman ərzində bu sahədə idmançılarımız sürətlə yetişdi və müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Ölkəmizdə bu idman növünün inkişafı üçün struktur yaradılır, bazalar inşa olunur və bunun nəticəsidir ki, bu gün bizim yaxşı komandamız var. Ümid edirik ki, bu yarışda da komandamız yaxşı yerlərdən birini tutacaq" - deyə, H. Bağırov sözlərinə əlavə edib.
Beynəlxalq İdman Dırmanması Federasiyasının rəsmisi, yarışların baş hakimi Qremi Alderson Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və mərasim bədii hissə ilə davam etdirlib.
Açılış mərasimindən sonra yarışalara start verilib.
Qeyd edək ki, yarışda dünyanın 22 ölkəsindən 150-yə yaxın idmançı iştirak edir. İki gün davam edəcək Dünya Kubokunda idmançılar iki növ üzrə - çətinlik (boulderinq) və sürət üzrə qüvvələrini sınayırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB