Nuripaşa Talıbov: "Boksçularımızın hər birindən qələbə gözləyirik"

Nuripaşa Talıbov: "Boksçularımızın hər birindən qələbə gözləyirik"

Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsində üz-üzə gələcək "Baku Fires" (Azərbaycan) və "Astana Arlans" (Qazaxıstan) komandaları arasında keçiriləcək görüşə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, görüşün supervayzeri Abdullah Bessalim bildirib ki, azarkeşlər maraqlı döyüş izləyəcəklər. Onun sözlərinə görə, ilk görüş yüksək səviyyədə keçdiyindən cavab oyunu da gərgin mübarizəyə səhnə olacaq.
"Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev döyüşün Qubada keçirilməsini üstünlük sayır: "Burada azarkeşlər daima bizə dəstək olur. İnanırıq ki, döyüşlərdə anşlaq olacaq. Əlavə görüşün keçirilməsinə gəlincə, 6-cı görüş olsa, deməli baş tutacaq".
Komandamızın baş məşqçisi Nuripaşa Talıbov hər şeyin boksçulardan asılı olduğunu deyib. O, yetirmələrinə inandığını söyləyib: "Təbii ki, onların hər birindən qələbə gözləyirik. Həmkarımın guya ilk döyüşdə hakimlərin bizim xeyrimizə səhv etməsi fikrinə gəlincə, dərinliyə getsək, hər görüşdə anlaşmazlıq olur. Bizim də hakimlərdən narazı qaldığımız məqamlar var. Ancaq Qairbek Qermaxanov tam qaydalar çərçivəsində rəqibini məğlub etmişdi".

Rəqibin baş məşqçisi Sergey Korçinski cavab qarşılaşmasının həlledici olduğunu vurğulayıb: "Şanslarımız 50-nin 50-yədir. Sabah hər komandanın boksçuları həm kluba, həm də ölkəsinə xeyir gətirə bilər".

O, heyətdə 3 boksçunun son anda dəyişməsinə də münasibət bildirib: "Biz burada şahmat oynamırıq. Dəyişikliklər olur. Çünki ilkin ərizəni 10 gün öncə sifariş edirik. Amma kimsə zədələnə, anası xəstələnə bilər".

İlk qarşılaşma 3:2 hesabı ilə başa çatdığından cavab görüşündə də eyni hesab qeydə alınacağı halda əlavə döyüşə ehtiyac olacaq. Bu çəkilərdə "Baku Fires"i Teymur Məmmədov, rəqibi Adilbek Niyazimbetov təmsil edəcək.

Niyazimbetov bildirib ki, həlledici qarşılaşmaya hazırdır: "Əlavə döyüş olsa, buna tam hazıram. Komandamız güclüdür və özümə də inamım yüksəkdir".

T. Məmmədov isə "Baku Fires"in finala çıxacağına inandığını deyib: "Ciddi hazırlaşmışam. Çalışacağam ki, komandamız finala çıxsın".

Qeyd edək ki, "Baku Fires" - "Astana Arlans" görüşü bu gün saat 19:00-da start götürəcək.

Komandaların heyətləri:

52 kq. Elvin Məmişzadə - İlyas Süleymanov

60 kq. Albert Səlimov – Samat Başenov

69 kq – Yevgeni Ramaşkeviç – Manat Amirzakov

81 kq – Mixail Dolqolevets – Hrvoje Sep

91+ - Hacı Murtuzəliyev – Filip Hrqoviç

Əgər komandamız ilk qarşılaşmada uduzduğu hesabla qalib gəlsə (3:2), əlavə döyüş olacaq. Həmin qarşılaşmada Teymur Məmmədov (81 kq) Adilbek Niyazimbetovu sınağa çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə