Maqnus Karlsen: "Şəmkirdə olduğum günləri unutmayacağam"

Maqnus Karlsen: "Şəmkirdə olduğum günləri unutmayacağam"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2014" turnirinin qalibi Maqnus Karlsen təəssüratlarını bölüşüb. SİA-nın məlumatına görə, o, ilk olaraq turnirin təşkilatçılarına təşəkkür edib: "Şəmkirdə olduğum günləri unutmayacağam. Burada olmaqdan xoşbəxtəm. Yüksək təşkilatçılıqla yanaşı, insanların şahmatı sevdiyini gördüm. Əgər gələn il yenidən Şəmkir turnirindən dəvət gəlsə, böyük məmnuniyyətlə razılaşaram. Çıxışıma gəldikdə, nəticədən razıyam. Son turda qələbəyə oynayırdım. Debüt uğurlu oldu və üstünlük qazandım. Sonra Karuananın vaxtla bağlı problemi yarandı. Belə də onun üçün mübarizə aparmaq çətinləşdi. İlk dövrənin sonunda bir qədər uğursuzluq oldu. Əsas odur ki, yarışı başladığım kimi başa vurdum. Bəzi yarışlarda bir-iki partiyada uğursuzluq olur. Ən vacibi sonda daha çox qələbə ilə turniri 1-ci pillədə başa vurmağımdır. Hansı partiyalarda çətinlik çəkdim? Əlbəttə, ilk olaraq uduzduğum görüşlərdə. Karuana və Rəcəbovla ilk dövrədəki oyunlar çətin oldu. Nakamura ilə asan mübarizə olmadı. İlk turda Sergey Karyakinlə heç-heçəmiz asan başa gəlmədi. Ümumilikdə, turnirin qalibi olduğuma görə şadam. Bu günlərdə bizə yüksək qonaqpərvərlik göstərdiklərinə görə hər kəsə minnətdaram. Azərbaycana gələndə demişdim ki, qələbə ilə qayıtmaq istəyirəm. Belə də oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə