Mahir Məmmədov: "Teymur Rəcəbov Şəmkirdə daha yaxşı və inamlı oynayır"

Mahir Məmmədov: "Teymur Rəcəbov Şəmkirdə daha yaxşı və inamlı oynayır"

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov "Shamkir Chess 2014" turnirinin təşkili və Azərbaycan şahmatçılarının çıxışı barədə danışıb. SİA-nın məlumatına görə, vitse-prezident "Shamkir Chess 2014 turnirinin Azərbaycan şahmat yığmasının üzvü, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunduğunu, onun vaxtsız vəfatının hamıya pis təsir etdiyini qeyd edib: "Vüqarın adının əbədiləşdirilməsi yolunda belə addımın atılması müsbət haldır. Təşkilatçıların belə yüksək səviyyədə turnir keçirməsi şahmatsevərlərə əsl bayram yaşatdı. Azərbaycan şahmatçılarının iştirakına gəlincə, "B" turnirində mübarizə aparan şahmatçılarımız güclü rəqabətlə üzləşdi. Bununla belə onların çıxışını normal saymaq olar. Əsas məqsəd gənc şahmatçılarımızın təcrübə toplaması oldu. Bildiyiniz kimi, 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçıların mübarizəsində 3 komanda ilə təmsil olunmaq fikrimiz var. Ona görə belə turnirlərin nəticəsi seçim üçün imkan verir.

"A" turnirinə gəldikdə, qalib son turda məlum olacaq. Əksəriyyət, dünya çempionu Maqnus Karlsenin asanlıqla qalib gələcəyini proqnozlaşdırsa da, 1-ci yerin sahibi məhz 10-cu turda müəyyənləşəcək. Şəhriyar Məmmədyarovun oyunlarına gəlincə, onun iddiaçılar turnirinə yüksək səviyyədə hazırlaşmasını qeyd etməliyəm. O, Xantı-Mansiyskdə normal mübarizə sərgilədi. Yaxşı partiyalar nümayiş etdirdi. Şəmkirdəki yarışda yəqin, yorğunluq özünü göstərir. Teymur Rəcəbovun çıxışını hamı böyük maraqla izləyir. 2013-cü ildə iddiaçılar turnirindən başlayan uğursuzluqdan fərqli olaraq T.Rəcəbov Şəmkirdə daha yaxşı və inamlı oynayır. Teymurun son aylardakı hazırlığı bəhrəsini verir. Ümumilikdə hamı kimi biz də yarışın ənənəvi olmasını istərdik".

Bütün xəbərlər Facebook səhifəmizdə