Azad Rəhimov: "Biz innovativ oyunların modelini yaratmağa çalışırıq"

Azad Rəhimov: "Biz innovativ oyunların modelini yaratmağa çalışırıq"

Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresində çıxışı edib. SİA-nın məlumatına görə, o, ölkəmizdə keçiriləcək Avropa Oyunlarına hazırlıq barədə danışıb: "Avropada hamı bizim birinci Avropa Oyunlarına hazırlığımız və gördüyümüz tədbirlə fəxr edəcək".

Nazir bildirib ki, konqresin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində təşkil edilməsi ölkəmizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: "Biz innovativ oyunların modelini yaratmağa çalışırıq. Bu, sadəcə idman yarışı olmayacaq. Bu, yeni idman məntəqələrinin tikilməsinə yardım edəcək.

Ümid edirəm ki, Bakıda gözəl vaxt keçirəcəksiniz. Sizi gələn il burada yenidən görməyi arzulayıram".

O, idman jurnalistlərinə Bakıda gözəl turist yerləri, sosial və digər sahələrlə yaxından tanış olmağı tövsiyə edib.

Qeyd edək ki, mayın 1-dək Bakıda keçiriləcək AİPS-in 77-ci konqresində iştirak etmək üçün 110 ölkədən 250-dən çox nümayəndə və müşahidəçi qeydiyyatdan keçib.

Konqres çərçivəsində, AİPS Avropanın hesabat-seçki konfransı, eləcə də digər qitələrdən olan qurumların iclasları, həmçinin AİPS komissiyalarının toplantısı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə