İspaniyanın "Barselona" komandası futzal üzrə UEFA kubokunun qalibi olub. SİA-nın məlumatına görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş final oyununda İspaniya təmsilçisi Rusiyanın "Dinamo" klubu ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün hər biri 5 dəqiqə davam edən iki hissədən ibarət əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha 3 dəfə fərqlənən "Barselona" rəqibini 5:2 hesabı ilə məğlub edərək futzal üzrə UEFA kubokunun qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Turnirin oyunlarını idarə edən hakimlərə xatirə hədiyyələri verilib. Dördüncü yeri tutmuş "Kayrat" komandasının kapitanına xatirə medalı, üçüncü yerin sahibi "Araz"ın üzvlərinə bürünc, finalda məğlub olmuş "Dinamo"ya gümüş, turnirin qalibi "Barselona"ya isə qızıl medalları UEFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Giorgio Marchetti, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mihaylov, UEFA İcraiyyə Komitəsinin üzvü Sergey Fursenko və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər. Kubok "Barselona"nın kapitanına UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri Borislav Mihaylov tərəfindən təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB