Ulu Öndərin 91 illiyi ilə bağlı dini icmalar arasında mini futbol turniri keçiriləcək

Ulu Öndərin 91 illiyi ilə bağlı dini icmalar arasında mini futbol turniri keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş "Tolerantlıq Kuboku" uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. G. İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub. Artıq ikinci ildir ki, keçirilən ənənvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Çıxış edən dini icma üzvləri Dövlət Komitəsi tərəfindən təşkil olunan turnirin dövlətimizin, xüsusilə ölkə Prezidentinin din sahəsinə olan diqqət və qayğısının nümunəsi olaraq qiymətləndiriblər.

Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanan 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək.

Qeyd edək ki, turnirdə ölkəmizdə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq.

Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşmişdir:

"A" qrupu

Süleyman (Xəzər)

Müşfiqabad (Qaradağ)

İmam Rza (Xəzər)

İmam Hüseyn (Sabunçu)

"B" qrupu

Hacı Əjdərbəy (Nəsimi)

Katolik Kilsəsi

Səngəçal (Qaradağ)

Xanım Zəhra (Yasamal)

"C" qrupu

Həzrət Məhəmməd (Səbayıl)

Məşədi Dadaş (Nəsimi)

BDU İlahiyyat

"Cümə" məscidi (Sumqayıt)

"D" qrupu

Yəhudi icması

Pravoslav Kilsəsi

İrfan (Binəqədi)

Həyat Sözü

Bütün xəbərlər Facebook səhifəmizdə