Əjdər Cəfərov: "Ulu Öndər Heydər Əliyevin idman siyasətinin həyata keçirilməsindəki xidmətləri əvəzsizdir"
"Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qədəm qoyduğu inkişaf yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təbii ki, müstəqilliyin ilk illərində problemlər də yox deyildi. Çünki ölkəmiz müharibə şəraitində idi. Digər tərəfdən, vaxtilə Ümummilli liderin təşəbbüsü ilə inşa edilmiş idman kompleksləri baxımsızlıqdan dağılmış, idmançılar özləri isə, ayrı-ayrı sahələrə üz tutmuşdular. Məhz Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə siyasi, sosial-iqtisadi, mədəni sahələrlə yanaşı, idman sahəsində də inkişafın təməli qoyuldu". Bu sözləri SİA-ya açıqlmasında Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov deyib.
Onun sözlərinə görə, dahi liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət alıb: "Həmin dövrdə idman sahəsində mövcud problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yaxşılaşdırılması, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində prioritetlər müəyyənləşdirilib. Ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Dahi liderimiz idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün onları daim diqqətdə saxladı. Dövlətin idman siyasətini həyata keçirən bir qurum kimi Gənclər və İdman Nazirliyinin yaradılması bu diqqətin bariz nümunəsidir. Ümummili lider Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Milli Olimpiya Komitəsinin yaradılması ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu".
Əjdər Cəfərov qeyd edib ki, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanın həyatında mühüm və əlamətdar hadisə idi: "Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə reallaşdırılmasını təmin etdi və həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi, Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı və bu gün də davam etdirilir".
Onun sözlərinə görə, qazanılmış uğurlar Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu təsdiqləyir. Baş katib bildirib ki, ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında uğurlu nəticələr göstərirlər: "Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da qələbələrin qazanılmasında vacib məqamdır. Azərbaycan bu gün öz tarixinin inkişaf və tərəqqi dövrünü yaşayır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi siyasət bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Ə. Cəfərov vurğulayıb ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar: "Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmır. Məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilib" deyən, Olimpiya dərəcəli hakim "bu uğurun davamı olaraq ölkəmiz 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək və inanıram ki, həm təşkilati işlər, həm də qazanılacaq uğurlar baxımıdan ilk Avropa Oyunları nümunəvi idman bayramı olacaq.
İdmana və idmançılara göstərilən dövlət qayğısı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə ruhlandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB