Sergey Karyakin: "V. Həşimovun adı olan turnirdə mütləq iştirak etməli idim" MÜSAHİBƏ

Sergey Karyakin: "V. Həşimovun adı olan turnirdə mütləq iştirak etməli idim" MÜSAHİBƏ

"Shamkir Chess 2014" turnirində iştirak edən Rusiya şahmatçısı Sergey Karyakin müsahibə verib. SİA müsahibəni təqdim edir:

- "Şəmkir Chess 2014" turnirində 2 tur arxada qalıb. Sizin təəssüratlarınızı bilmək maraqlı olardı...

- Şəmkirdə dünyanın güclü şahmatçıları toplaşıb. Həm A, həm B turnirində maraqlı partiyalar izlənilir. Rəqabət çox yüksəkdir. İki turdan sonra aktivimdə 1 xal var. 3-cü tur Maqnus Karlsenlə mübarizə aparacağam. Fikrimcə, indidən hansı şahmatçının qalib gələcəyini söyləmək çətindir. Əsas mübarizə irəlidədir.

- Maqnus Karlseni dayandırmaq mümkün olacaqmı?

- Karlsen 2 turdan 2 xal toplayıb. Ötən gün Nakamuraya qalib gəldi. Güclü şahmatçıdır. Unutmaq olmaz ki, dünya çempionudur. Lakin heç kim Şəmkirə uduzmaq üçün gəlməyib. Karlsenin Şəmkirdə qələbə qazanacağını indidən söyləmək olmaz.

- Vüqar Həşimovla bağlı hansı xatirəni bizə danışa bilərsən?

- Vüqar mənim yaxın dostum olub. Onu itirmək şəxsən mənim üçün faciə oldu. Astanada keçirilən sürətli şahmat üzrə dünya çempionatında iştirak edəndə onunla tez-tez danışırdıq. Bir dəfə dedim ki, sənin yerin görsənir yarışda. Çünki, hamı bilirdi ki, Vüqar sürətli şahmatın mahir ustası idi. Onu dayandırmaq çətin məsələ idi. Vüqar cavab verdi ki, Sergey sən həm öz yerinə, həm də mənim yerimə oyna. Şəmkir turnirində iştirakı özümə borc bilirdim. V. Həşimovun adı olan turnirdə mütləq iştirak etməli idim.

- Şəmkir haqda təəssüratlarını bilmək maraqlı olardı....

- İndiyə qədər yalnız Bakıda olmuşam. Şəmkir maraqlı şəhərdir. Təbiəti gözəldir. Düzünü deyim ki, çox istəyirəm ərtafı gəzmək imkanım olsun. Yəqin, istirahət günündə Şəmkirin mərkəzi yerlərinə getmək imkanı olacaq.

- Bəzi həmkarların "Shamkir Chess 2014" turnirini məşhur Linareslə müqayisə edir...

- "Shamkir Chess 2014" turniri Linaresdən geri qalmır. Təşkilatçılar yüksək səviyyədə turnir keçirir. Bizim üçün bu yarışda iştirak etmək şərəfdir. Altı şahmatçının iştirak etdiyi turnir 22-ci kateqoriyaya aiddir. Bu artıq rəqabətdən xəbər verir. Fikrimcə, yarış ənənəvi olmalıdır. Əgər təşkilatçılar yarışı ənənəvi keçirsələr, "Shamkir Chess" gələcəkdə dünyanın ən nüfuzlu şahmat turnirlərindən biri olacaq.

- "Shamkir Chess 2014" sənin üçün ardıcıl üçüncü türnirdir. Yorğunluq oyununa təsir edir?

- Bir qədər yorğunluq olur. Bəzən fikrim partiyadan yayınır. Amma şahmat bizim həyatımızdır. Bunun üçün ardıcıl üçüncü turnir olsa belə, maraqla oynayıram. Karlsen, Nakamura, Rəcəbov, Məmmədyarovun iştirak etdiyi mübarizə maraqsız ola bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə