Azərbaycanda 2-ci dəfə "Mançester Yunayted" Yay Futbol Məktəbi təşkil olunacaq
Bu gün AFFA və "Bakcell" şirkətinin rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans AFFA-nın inzibati binasında təşkil olunub. Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, "Bakcell"in baş marketinq direktoru Aynur Abjanova, hər iki qurumun rəsmiləri və jurnalistlər iştirak ediblər. Konfransda AFFA və "Bakcell" şirkətinin birgə əməkdaşlığı çərçivəsində İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak etmək istəyən uşaqlar üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunacağı ilə əlaqədar məlumat verilib. Ötən ilki layihəni əks etdirən videoçarx nümayiş olunandan sonra, "Bakcell"in baş marketinq direktoru Aynur Abjanova çıxış edib. O bildirib ki,"Mançester Yunayted" Yay Futbol Məktəbinin keçən ilki nəticələri həm Azərbaycan futbolu, həm onun iştirakçıları, həm də "Bakcell" və AFFA üçün çox böyük uğur olub: "Biz inanırıq ki, bu uğur ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik olan uşaqlar üçün stimula çevrilib və onlar budəfəki yay məktəbində də böyük həvəslə iştirak edəcəklər. Bu yay məktəbinin ən azı, keçən ilki qədər uğurlu olmasını gözləyirik".
Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək layihənin önəmliliyindən söz açıb. Baş katib "Bakcell" şirkətinə futbolun inkişafına dəstək olduğuna görə təşəkkürünü bildirib. O, "Mançester Yunayted" Yay Futbol Məktəbinin seçim turlarının və məşqlərinin Azərbaycanda təşkilinin uşaq futbolunun inkişafına öz töhfəsini verəcəyini qeyd edib: "İnanırıq ki, bu ilki yay məktəbi də uğurlu olacaq, Azərbaycan futbolunun inkişafına dəstək verəcək".
Qeyd edək ki, "Mançester Yunayted" Yay Futbol Məktəbi 2-ci dəfədir ki, Azərbaycanda təşkil olunacaq. Layihə çərçivəsində AFFA-nın dəstəyi ilə Azərbaycanın 5 bölgəsində seçim turları təşkil olunacaq. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad Bakıda təşkil olunacaq və "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB