Şağan Olimpiya İdman Kompleksində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru H.Aslanovun xatirəsinə həsr olunan yeniyetmələr arasında cüdo üzrə ənənəvi XXXVII Beynəlxalq Bakı turniri keçirilib. SİA-ya verilən məlumata görə, tədbirin birinci günü turnirdə iştirak edən xarici ölkələrin nümayəndələri və rəsmilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, abidələri önünə əklil və güllər qoyulub. Daha sonra Şəhidlər Xiyabanında H.Aslanovun abidəsi ziyarət olunub, sərkərdənin keçdiyi şərəfli döyüş yolu haqqında qonaqlara ətraflı məlumat verilib. Daha sonra turnirin açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilib və iştirakçı ölkələrin bayraqları səhnəyə gətirilib. Mərasimdə çıxış edən qəhrəmanın nəvəsi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli idmançılara uğurlar arzulayıblar.
Onlar ölkəmizdə idmanın, o cümlədən cüdonun inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər. Vurğulanıb ki, son illər müntəzəm olaraq beynəlxalq turnirlərin keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. İdmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir və beynəlxalq idman qurumları dünya və Avropa birinciliklərinin, mötəbər yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.
Turnirdə 11 ölkənin 17 şəhərindən 400 nəfərə yaxın idmançı (Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan Qazaxıstan, Türkmənistan, Özbəkistan, Çexiya, Slovakiya, İtaliya) mübarizə aparıb. 30-dan çox beynəlxalq dərəcəli yerli və xarici hakimlərin idarə etdiyi yarışlar 18 çəki dərəcəsində oğlanlar və qızlar arasında baş tutub.
Ümumi komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Rusiya üçüncü yerləri tutublar.
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, sonda yarışa qatılan bütün ölkələrin nümayəndələri yüksək səviyyədə təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə təşkilat komitəsinə öz minnətdarlığını bildirib və bu tutnirin növbəti ildən A kateqoriyalı beynəlxalq turnir kimi Beynəlxalq Cüdo Federasiyasının təqvim planına salınmasını dəstəklədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB