Futbol üzrə Azərbaycan kubokunun 1/2 finalının ilk oyunları çərçivəsində "Rəvan" səfərdə "Neftçi"nin qonağı olub. SİA-nın məlumatına görə, Tyaqo de Souzanın uzatma dəqiqələrində vurduğu qol "Rəvan"a kubokun ilk oyununda 1:1 hesablı heç-heçəni gətirib.
Baş məşqçilərin oyundan sonra səsləndirdikləri fikirləri nəzərinizə çatdırırıq:
Güvenc Kurtar, "Rəvan" klubunun baş məşqçisi: "Kubokda iki oyun olur. Finala çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr də bu məqsədlə edilmişdi. Risk etdim. "Neftçi" ilk hissədə bizə oynamağa imkan vermədi. İkinci hissədə isə ötürmələrdə daha yaxşı idik, lazım olan qolu vurduq. Cavab oyununda üstünlüyümüz olacaq. İki futbolçumuz kart cəzalısı olduğu üçün cavab matçında oynamayacaq. Premyer Liqada bazar günü oyunumuz var. Heyətimizdə cəmi 15 futbolçu var. Qalanları isə əsasən gənc oyunçulardır. Futbolçu qol vuranda sevinə bilər, lakin bununla rəqib azarkeşləri qıcıqlandırmamalıdır. Eyni gəminin içindəyik, lazımi tədbirləri görəcəyik. Cərimə zərbələrini çox bərbad yerinə yetirdik. Belə hallar adamı dəli edir".
Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Gərgin oyun yox idi. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Kubok iki oyundan ibarətdir. Cavab oyununda bütün suallara aydınlıq gətirəcəyik. Rəqibin seçəcəyi taktikadan asılı olmayaraq "Neftçi" qələbəyə oynayacaq. Erik Ramosun yoxluğunu əvəz edə bilmədik. "Rəvan" cavab oyununda qolsuz heç-heçəni saxlamağa çalışacaq. Lazım olsa, həmin oyunda 5 hücumçu ilə oynayacağam. Komandanın fiziki hazırlığına ispaniyalı məşqçi cavabdehdir. Komandada arxayınlıq var idi. Klub daxilində bu məsələni müzakirə edəcəyik. Cavid İmamverdiyev təkbətək epizodda fərqlənə bilmədi. Bir hücumçu ilə qalmışıq. Rauf Cabbarovun hakimlik etməsinə "Rəvan" etiraz edirdi. Amma Rauf Cabbarov elə "Rəvan"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etmədi. Hakimlikdən nə qədər danışacağıq? Ən yaxşısı susmaqdır. "Rəvan"ı keçməmək mənim üçün faciə sayılacaq. Azərbaycan kubokunun finalına çıxmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB