Mustafa Dənizli: "Son sözümüzü söyləməmişik”

Mustafa Dənizli: "Son sözümüzü söyləməmişik”

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçirilib. SİA-nın məlumatına görə, Qəbələdə baş tutan qarşılaşmada şəhərin eyniadlı komandası "Xəzər Lənkəran"la qarşılaşıb və rəqibini 3:0 hesabı ilə məğlub edərək cavab oyunundan öncə üstünlük qazanıb.

Baş məşqçilərin oyundan sonra səsləndirdikləri fikirləri nəzərinizə çatdırırıq:

Mustafa Dənizli, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq. İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyini hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Son sözümüzü söyləməmişik".

Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Qarşıda hələ cavab oyunumuz var. Bu gün isə çox yaxşı nəticə əldə etdik. Oyunun müəyyən hissələrində çox yaxşı oynadıq. Qarşıdakı cavab oyununa da ciddi yanaşmalıyıq. Artıq çempionatdakı oyunumuza hazırlaşacağıq. "Qarabağ"la kubok oyunundan sonra 4 müdafiəçimiz zədələndi. Bu, futbolda nadir rast gəlinən hallardan biridir. Ardıcıl məğlub olduğumuz oyunlar oldu. Lakin biz işimizi davam etdirdik, vəziyyəti düzəldəcəyimizə inanırdıq. Komanda məşqlərini davam etdirirdi, futbolçularıma bu baxımdan iradım yoxdur. Psixoloji cəhətdən isə vəziyyətimiz yaxşı deyildi. Azarkeşlərimizə üzümü tutub deyirəm ki, səbrli olsunlar və qalib gələndə də, məğlub olanda da bizi dəstəkləsinlər. İlk hissədə müdafiədə dəqiq oynadıq, lakin hücumda oyunumuz alınmadı. İkinci hissədə isə həm müdafiədə, həm də hücumda oyunumuz yaxşı alındı".

Bütün xəbərlər Facebook səhifəmizdə