Azad Rəhimov SportAccord Konvensiyasının növbəti iclasında çıxış edib
SportAccord Konvensiyasının növbəti iclası keçirilib. Siasport.az saytının məlumatına görə, Türkiyənin Antalya vilayətinin Belek şəhərində təşkil olunmuş iclasda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Nazir Bakı 2015 Avropa Oyunlarının Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışları tədbiri olacağını deyib.
A.Rəhimov birinci dəfə keçiriləcək Avropa Oyunlarının Avropa qitəsini ruhlandıracağını və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcəyini qeyd edib.
O, ev sahibliyi ediləcək oyunlara hazırlıq barədə ətraflı məlumat verib və bildirib ki, bu oyunların əsas diqqəti idmançılara yönəlib, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilib: "Avropa Olimpiya Komitələrində (AOK) qitə Oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu Oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar ediblər. AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək Oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik".
Nazir həmçinin, Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafı təmin etməsi məqsədi güddüyünü qeyd edib: "İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir".
Bildirilib ki, investisiya layihələri iki yeni yüksək texnoloji xətti - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB