Premyer Liqanın XXIX turunda "Neftçi" paytaxt derbisində "Bakı"nı qəbul etdi və Ernest Nforun yeganə qolu ilə rəqibini məğlub etdi - 1:0. Siasport.az saytının məlumatına görə, bir müddət əvvəl cəzalandırılaraq əvəzedici komandaya göndərilən "Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqov "Bakı" ilə oyunda yenidən əsas heyətdə yer aldı.
Oyundan sonra R.Sadiqov jurnalistlərin suallarını cavablandırıb:
- Oyunla bağlı fikrinizi bilmək istərdik
- "Bakı" ilə duellərimiz hər zaman çətin keçir. Bu gün də belə oldu. Amma komandamız daha yaxşı oyun nümayiş etdirdi. Qələbəyə layiq idik və bu səbəbdən də 3 xalı biz qazandıq.
- Bu komandalar arasında oyunlardakı əvvəlki gərginlik müşahidə edilmədi. Səbəb nə idi?
- Çünki bizim komanda meydanda daha rahat oynayır. Bu da səbəbsiz deyil. Qələbələri sıraladıqca, üzərimizdəki gərginliyi atırıq.
- Bir müddət əvvəl cəzalandırılaraq, əvəzedici komandaya göndərildiniz. Artıq əsas heyətə qayıtmısınız. Tam formada olduğunuzu düşünmək olarmı?
- Heç bir problem yoxdur. Peşəkar futbolçuyuq. Futbolçu formadan düşəndə, bu cür addım atılır. Biz də verilən qərarlara hörmətlə yanaşırıq. Çünki klubla müqaviləmiz var. Şərtlərə əməl etməliyik.
- Baş məşqçiniz Böyükağa Hacıyev də sizdən narazılıq edirdi...
- Əvəzedici komandaya məhz buna görə göndərilmişdim. Getdim, canla-başla oynadım, artıq əsas heyətə qayıtmışam. Baş məşqçi ilə aramda heç bir problem yoxdur. Əvvəllər də aramızda yaxşı münasibət olub, indi də. Bunu baş məşqçidən də soruşa bilərsiniz.
- Transferə çıxarılmağınız gündəmdədir?
- Transferə çıxarılmamışam. Klub rəsmiləri də bununla bağlı yayılan xəbərlərin doğru olmadığını bildirdilər.
- Əsas komandaya qayıtsanız da, kapitan sarğısı hələlik Mahir Şükürovdadır. Bu, kimin seçimidir?
- Bir neçə oyunda olmadığıma görə, sarğını Mahir daşıyırdı. Bu gün də onun kapitan olması məqsədəuyğun hesab edildi. Qərarı həm baş məşqçi, həm də mən verdim. Sarğının kimin qolunda olması ciddi fərq etmir. Əsas odur ki, qələbə qazanaq.
- Yayda komandadan ayrılmaq haqda düşünürsünüz?
- İndi bu haqda fikirləşmirəm. Klubla hələ müqaviləm var. Əgər rəhbərlik qalmağımı istəməsə, onda "Neftçi"dən getməyə məcburam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB