Kaxaber Sxadadze: "Bundan sonra bizə daha çətin olacaq"

Kaxaber Sxadadze: "Bundan sonra bizə daha çətin olacaq"

Topaz Premyer Liqasının 29-cu turunda Zaqatalaya səfər edən "İnter" yerli "Simurq"la oyunda minimal hesablı qələbə qazanıb - 1:0. Siasport.az saytının məlumatına görə, bu qələbədən sonra paytaxt təmsilçisi turnir cədvəlinin üçüncü pilləsində möhkəmlənib. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Kaxaber Sxadadze. "İnter" klubunun baş məşqçisi: "Vacib 3 xalı qazandıq. Mövsüm sona yaxınlaşdıqca futbolçuların psixoloji hazırlığı ön plana keçir. "Simurq" bizdən fərqli olaraq daha sərbəst oynayırdı. Turnir cədvəlindəki mövqeyi buna imkan verirdi. Bundan irəli gələrək ilk hissədə hücumlarımız kəsərli olmadı. Top itikilərinə yol verirdik. Sona yaxın isə nəticəyə oynamalı idik. Bu oyunda da vacib qələbə qazandıq. Mükafatçıların son turlarda müəyyən olunacağını düşünürəm. Komandama oyuna və qələbəyə görə təşəkkür edirəm. İlk 6 turdan sonra turnir cədvəlində son pillədə idik. "Qəbələ" bizi çox qabaqlayırdı. İndi isə biz onları 7 xal qabaqlayırıq. Komandamız böyük iş görüb. Qarşıdakı 7 oyunda lazımi nəticə ala bilməsək, bu uğurun mənası qalmayacaq. Bundan sonra bizə daha çətin olacaq. "İnter" həmişə funksional baxımdan yaxşı vəziyyətdə olub. Əsas futbolçuların psixoloji hazırlığı ilə məşğul olacağam".

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "İki fərqli hissə oldu. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə isə rəqib bizdən daha aktiv oynadı. Buraxdığımız səhvdən "İnter" qol vurdu. Rəqib bizdən daha istəkli idi. Polyakın əvəzlənməsi zədə alması ilə bağlı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə