Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş respublika ümumtəhsil məktəbləri arasında şahmat festivalının açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, Təhsil Nazirliyi tərəfindən təşkil olunan festivala paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhərləri təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb. Beş gün davam edəcək yarışda 66 şəhər və rayondan 396 məktəbli mübarizə aparır (198 nəfər qız). Yarış İsveçrə sistemi üzrə keçirilir. Hər bir komanda 6 nəfərdən ibarətdir (7-14 yaş arası 3 oğlan və 3 qız).
Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov nazirlik tərəfindən hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan bir çox tədbirlərin, o cümlədən, ənənəvi olaraq, məktəblilər arasında respublika şahmat yarışlarının keçirildiyini bildirib. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir: "2013-cü ildə uşaq-gənclər şahmat məktəbinin yetirmələri respublika yarışlarında 41 medal, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 23 medal qazanıblar. 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində şahmat fənni tədris olunur".
Nərmin Nəsirli


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB