Bu gün Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Təhsil kuboku"nun püşkatma mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasim AFFA-nın konfrans zalında təşkil olunub. Tədbirdə ATFF-nin prezidenti Fazil Qarayev, federasiyanın vitse-prezidenti Oqtay Abdullayev, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvləri, ali təhsil məktəblərinin komandalarının nümayəndələri və jurnalistlər iştirak ediblər.
Öncə baş katib Ə.Həmzəyev yarış barədə məlumat verib və püşatmanın qaydalarını xatırladıb.
Daha sonra federasiyanın vitse-prezidenti O.Abdullayev çıxış edib. O, Azərbaycanda futbola göstərilən diqqət və qayğıdan danışıb. Vitse-prezident iştirakçıları oyunlarda fair-play qaydalarına əməl etməyə çağırıb. O.Abdullayev komandalara uğurlar arzulayıb.
Federasiyasının prezidenti F.Qarayev Təhsil Nazirliyi və AFFA-ya ATFF-yə yaxından dəstək olduqlarına görə, minnətdarlığını bildirib. O, yarışın ədalətli keçəcəyinə əmin olduğunu vurğulayıb. F.Qarayev çempionat ərzində şikayət olarsa, dərindən araşdırılacağını qeyd edib və bütün iştirakçılara qələbələr arzulayıb.
Çıxışlar başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Püşaktmanın nəticələrinə görə, A qrupunda Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Qərb Universiteti, Bakı Slavyan Universiteti, B qrupunda Azərbaycan Texniki Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, C qrupunda Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Sumqayıt Dövlət Universiteti, Təfəkkür Universiteti, D qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, E qrupunda Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Kimya Akademiyası, Fövqəladə Hallar Akademiyası, F qrupunda isə Qafqaz Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası yer alıb.
Qeyd edək ki, ölkə çempionatında 29 ali məktəbin komandası iştirak edəcək. Çempionatda Lənkəran Dövlət Universitetinin və Naxçıvan Dövlət Universitetinin komandaları da yarışacaqlar. Bu komandalar yarışa 1/8 finaldan qoşulacaqlar. Oyunlar Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" idman cəmiyyətinin stadionunda və Olimpiya İdman Ehtiyyatları Bazasının (keçmiş "Neftçibaza") stadionunda keçiriləcək. Açılış oyunu isə aprelin 8-də, saat 14:00-da "Bayıl Arena"da təşkil olunacaq.
Tədbirin sonunda ATFF-nın prezidenti F.Qarayev jurnalistlərin suallarını cavablandırıb.
Elgün Vidadioğlu










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB