Rizvan Gənciyev: "Rəqib sanki dünya yığmasını xatırladır"

Rizvan Gənciyev: "Rəqib sanki dünya yığmasını xatırladır"

Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 finalının ilk görüşü çərçivəsində üz-üzə gələcək "Baku Fires" və "İtalia Thunder"in üzvlərinin iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib. Siasport.az saytının məlumatına görə, "İtalia Thunder"in baş meneceri Klaudio Ballor "Baku Fires"i yaxşı tanıdıqlarını deyib: "Rəqibi yaxşı tanıyırıq. Xüsusən Heybətulla Hacəliyevlə Heybulla Mürsəlovun adını çəkə bilərəm. Əbdülqədir Abdullayev də güclü boksçudur. Əslində onu heyətimizə cəlb etmək istəyirdik. Ancaq o, "Baku Fires"lə anlaşmaq qərarına gəldi".

"İtalia Thunder"in baş məşqçisi Françesko Damiani də döyüşlə bağlı fikirlərini bildirib: "Sabah güclü rəqiblə qarşılaşacağıq. Azərbaycanda olduğumuz üçün məmnunuq. Hər iki komandada yaxşı boksçular rinqə çıxacaq. Minimal hesabla uduzsaq, bu nəticəni normal sayaram. Hətta 0:5 hesablı yenilgini də faciə saymarıq. Çünki bilirik ki, İtaliyada cavab qarşılaşmasında sözümüzü deyəcəyik".

"Baku Fires"in baş meneceri Rizvan Gənciyev isə bu qarşılaşmanın revanş xarakter daşıdığını qeyd edib: "İtalyanlarla öncəki mövsümlərdən birində qarşılaşmışdıq. Yarımfinalda onlara uduzduq. Revanş şansımız var. Uşaqlara inanırıq. Gözəl qarşılaşmanın baş tutacağına əminəm. Azarkeşlər baxımlı döyüşlər izləyəcək. Cavab duelinə rahat çıxmaq üçün 5:0 hesabı ilə qalib gəlməliyik".

R. Gənciyev "Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli italyan olduğundan hər hansı qeyri-obyektvlik ola bilərmi" sualına belə cavab verib: "Bu məqam əleyhimizə işləməməlidir. Şükürlər olsun ki, WSB-də referilərin idarəçiliyi normaldır və hələ ki, ciddi problem yaşanmayıb. Həm də cənab Falçinellinin bu komandaya heç bir aidiyyatı yoxdur. Rəqib sanki dünya yığmasını xatırladır. "İtalia Thunder" müxtəlif ölkələrdən güclü boksçuları heyətinə qatıb"..

"Baku Fires"in baş meneceri WSB-nin finalının Azərbaycana təklif olunduğunu deyib: "Ukraynadakı siyasi səbəblərdən final orada olmayacaq. Artıq başqa təşkilatçı ölkə axtarılır. Bizə və Rusiyaya finala ev sahibliyi etmək təklif olunub. Hələ qəti qərarımızı verməmişik. Düşünürük. Danışıqlar davam edir. İndidən bu haqda bir şey demək çətindir".

"Baku Fires"in baş məşqçisi Nuripaşa Talıbov heyət barədə danışıb: "Cavab görüşü üçün heyəti müəyyənləşdirmişik. Seçim prosesini məşqçilər korpusu edib. Bu, bizim daxili işimizdir. Ancaq heç kim zədədən sığortalanmayıb. Ciddi bir problem olmasa, İtaliyada döyüşəcək boksçuların siyahısında dəyişiklik olmayacaq".

Qonaq komandanın ən titullu boksçusu Klemente Russo da fikirlərini bildirib: "Daha öncə 2 dəfə qalib gəldiyim Teymur Məmmədov çəkisini dəyişdiyindən onunla 3-cü dəfə üz-üzə gəlməyimiz mümkün olmadı. Demək olar ki, peşəkar boksla da məşğul oluram. Bu məqsədlə APB ilə müqavilə bağlamışam və orda da döyüşəcəm".

Əbdülqədir Abdullayev rəqibi K.Russo ilə döyüş barədə fikirlərini bildirib: "Russo çox güclü rəqibdir. Baş məşqçimizlə birgə Klementenin keçirdiyi bəzi döyüşləri izləyib, onu təhlil etmişik. Güclü və zəif tərəflərini bilirik. Onun adından və titullarından çəkinmirəm. Kimin daha güclü olduğunu rinq göstərəcək".

Komandaların heyətləri:

"Baku Fires" - "İtalia Thunder"

49 kq. Xamza Nametov - Mark Barriqa

56 kq. Məhəmməd Qurbanov - Xedafi Djelkhir

64 kq. Heybətulla Hacəliyev - Renato de Donato

75kq. Xaybulla Musalov - Boqdan Juratoni

91 kq. Abdulqadir Abdullayev - Klemente Russo

Bütün xəbərlər Facebook səhifəmizdə