Əjdər Cəfərov: "Milli komandamızın hər bir üzvü mükafatçılar sırasında yer almaq iqtidarındadır"
Bu gün Bakıdakı Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilib. Siasport.az saytının məlumatına görə, güləşçilərimizin Avropa çempionatına ciddi hazırlaşdıqlarını bildirən Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov komandamızın martın 30-da Finlandiyaya yola düşəcəyini diqqətə çatdırıb.
O bildirib ki, bir müddət əvvəl Beynəlxalq Güləş Federasiyası tərəfindən çəki dərəcələrində dəyişiklik edilib, ancaq buna görə komandamız çətinlik çəkmir: "Məşqçilər korpusu tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb. Çəki dərəcələri üzrə heç bir problemimiz yoxdur. Finlandiyada keçiriləcək qitə birinciliyinə tam heyətlə yola düşürük. Milli komandamızın hər bir üzvü mükafatçılar sırasında yer almaq iqtidarındadır. Ümid edirəm ki, komandamız maksimal nəticə göstərərək Azərbaycan xalqını sevindirəcək".
Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Toğrul Əsgərovun da qitə birinciliyində iştirak edəcəyini diqqətə çatdıran baş katib ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısının əhəmiyyətindən danışıb. Ə.Cəfərov qeyd edib ki, yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsinin ləğv edilməsi bir neçə idmançımızın çəkilərini artırmasına səbəb olub: "Bu da asan məsələ olmadığı üçün bir qədər zaman tələb edir. Yeni yaradılmış 59 kq çəki dərəcəsində Kamran Məmmədovu sınaqdan keçirmək istəyirik. K.Məmmədov əvvəllər 60 kiloqram çəki dərəcəsində mübarizə aparıb".
London Yay Olimpiya Oyunlarından sonra ilk yarışa çıxacağını diqqətə çatdıran T.Əsgərov çempionata ciddi hazırlaşdığını bildirib və əsas rəqiblərinin Rusiya güləşçiləri olacağını vurğulayıb.
Sonra məşqçilər korpusu tərəfindən aprelin 1-dən 6-dək Finlandiyanın Vantaa şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləş növləri üzrə yığma komandalarımızın heyəti elan olunub.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Azərbaycan yığma komandası çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB