Böyüklərdən ibarət karate üzrə Azərbaycan milli komandası Türkiyəyə yollanıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət əvvəlcə İstanbulda bir həftəlik beynəlxalq təlim-məşqlərdə iştirak edəcək. Qardaş ölkədə birgə hazırlıqlara baş məşqçi Rəhman Hətəmov, baş məşqçinin köməkçisi Rəşad Hüseynov və kata üzrə böyük məşqçi Vahid Nəzərovun rəhbərliyi ilə aşağıda adları qeyd edilən idmançılar yollanıb:
Firdovsi Fərzəliyev (-60 kq), Məcid Əmirov (-60 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Rafiz Həsənov (-67 kq), Rəfael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq), Şahin Atamov (+84 kq), Orxan Heydərli (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (+60 kq), Roman Heydərov (kata), Tural Balcanlı (kata).
Tanınmış karate ölkələrindən Türkiyə ilə yanaşı, Rusiya, Braziliya, İran və bir neçə milli komandanın qatılacağı təlim-məşqlərin ardından, 4-6 mart tarixlərində ənənəvi "Bosphorus Open" beynəlxalq turniri keçiriləcək. "Boğaziçi" açıq turnirində karateçilərimiz həm fərdi, həm də komanda kumite yarışlarında özlərini sınayacaqlar. İstanbuldakı bu yarışa yeniyetmə və gənclərdən ibarət milli komandamız da yola düşəcək. Əməkdar məşqçilər Şahin Xudaverdiyev və Anar Allahverdiyev aşağıda adları göstərilən 14 idmançıya etimad göstəriblər:
Yeniyetmələr 14-15 yaş - Qasım İsgəndərov (-52 kq), Murad Balakişiyev (-70 kq), Murad Hacızadə (+70 kq), Fidan Teymurova (-47 kq).
Gənclər 16-17 yaş - Ülvi Qurbanov (-55 kq), Hüseyin Əliyev (-61 kq), İsa Məmmədov (-68 kq), Asiya Məlikova (-48 kq), Aytac Əliyeva (-53 kq), Fəridə Əliyeva (+59 kq).
Gənclər 18-20 yaş – Şahin Quluzadə (-78 kq), Tansul Bağırova (-55 kq), Musa Musayev (kata), Rafiq Əmirov (kata).
Beynəlxalq dərəcəli hakim Nərgiz Mehdiyeva yarışın referiləri arasında olacaq. Müxtəlif yaş qurupları üzrə komandalarımız 7 aprel tarixində Vətənə dönəcəklər. "Boğaziçi" turniri həm də böyüklərdən ibarət milli komandamızın mayın əvvəlində Finlandiyada Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB