Milinko Pantiç: “Hər şeyə rəğmən, toparlanmalıyıq”

Milinko Pantiç: “Hər şeyə rəğmən, toparlanmalıyıq”

Sabah Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Bakı" səfərdə AZAL-la qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün komanda oyunöncəsi son məşqini keçirib. Saat 11:10-da yüngül qaçış və isinmə hərəkətləri ilə başlayan hazırlığın ardınca əyləncəli oyun keçirilib. Mərkəz dairənin içinə cəmlənən futbolçular "təkqaldı" oynayıblar. "Kvadrat" tapşırığından sonra "zolaqlılar" maneələri keçməklə, sürətli qaçış tapşırığını yerinə yetiriblər. Sonda ikitərəfli oyun baş tutub. Rəmzi olaraq "göylər" və "sarılar"ın mübarizəsində birincilər (3:0) üstün olub.

Qeyd edək ki, icazəli olan Elvin Əliyev və əzələ dartılmasına görə müalicə olunan Rauf Əliyev məşqdə iştirak etməyib. Qabırğasında əmələ gələn çatın bitişməsini gözləyən Əfran İsmayılov isə yüngül qaçışla kifayətlənib.

Komandanın baş məşqçisi Milinko Pantiç AZAL-la oyun haqda fikirlərini bildirib: "Əlbəttə, ölkə kubokunun ¼ finalında "Rəvan"a yenilib mübarizəni dayandırmaq üzücüdür. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, toparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik. Bundan sonra Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı yenə bilsək, 4-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram.

Mətbuatda Marius Penanın "qara siyahı"ma düşməsi ilə bağlı yazılanlara gəlincə, deyim ki, o, sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdur. Hazırda müalicə olunan Rauf Əliyevin xidmətindən isə "Simurq"la oyunda yararlana biləcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə