Velosiped idmanı üzrə Federasiya Kuboku yarışı başlayıb

Velosiped idmanı üzrə Federasiya Kuboku yarışı başlayıb

Bu gün Xızı rayonunda velosiped idmanının şosse növü üzrə Federasiya Kuboku yarışı başlayıb. Siasport.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edir.

Proqrama əsasən, bu gün saat 12:00-da startı verilən ilk gündə Elit, U-23 və gənclər arasında 26 km, U-17 qızlar arasında 15 km, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 km məsafəyə vaxtla fərdi ötüşmədə yarışlar keçirilir.

Qeyd edək ki, martın 23-ü də yarışlar saat 12:00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar. Yarış zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) qaydaları tətbiq olunacaq.

Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə