Ağır atletlərimiz diskvalifikasiya edildi, baş məşqçi şərh vermədi

Ağır atletlərimiz diskvalifikasiya edildi, baş məşqçi şərh vermədi

Məlum olduğu kimi, Beynəlxalq Ağır Atletika Federasiyası Avropa çempionatında medal qazanmış 5 idmançımızı diskvalifikasiya edib. İdmançılarımız medallardan məhrum edilib. Bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi saytında məlumat yayımlanıb.

Xatırladaq ki, Avropa çempionatında Valentin Xristov (62 kq) və İntiqam Zairov (94 kq) qızıl, Sərdar Həsənov (69 kq) və Silviya Anqelova (48 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanıb.

Siasport.az saytının əməkdaşları Azərbaycan Ağır Atletika Federasiyasının rəsmilərindən məsələ ilə bağlı mövqe öyrənməyə çalışıblar.

Federasiyanın baş katibi Yavər Hacıyev baş məşqçi ilə əlaqə saxlamağımızı məsləhət gördü: "Bütün bu məsələləri baş məşqçidən soruşun. Bu, onun səlahiyyətindədir".

Daha sonra federasiyanın mətbuat xidmətinin rəhbəri Məhsəti Seyidzadə ilə telefon əlaqəsi yaratdıq. Məhsəti xanım da rəsmi mövqe üçün yığmanın baş məşqçisi ilə danışmalı olduğumuzu bildirdi.

Nəhayət, yığma komandanın baş məşqçisi Zlatan Vanevlə əlaqə saxladıq. Baş məşqçi əsəbi olsa da, ondan bir neçə cümlə ala bildik: "Danışmağa vaxtım yoxdur. Beynəlxalq Ağır Atletika Federasiyanın rəsmi saytında anti-dopinq bölməsində bununla bağlı heç bir kəlmə də yoxdur. Saytda sadəcə nəticələrin ləğv olunması ilə bağlı məlumat yazılıb. Bəlkə hər hansı bir səhvdir. Heç bir şərh verə bilmərəm, yalnız araşdırma bitəndən sonra danışa bilərəm".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə