“Barselona”nın idman direktoru: "Bilirik ki, Azərbaycan komandasına qarşı çətin olacaq"
Bu gün futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimindən sonra mətbuat konfransı təşkil olunub. Siasport.az saytının məlumatına görə, tədbirdə "Araz" (Azərbaycan) komandasının baş məşqçisi Joze Alesio Da Silva, "Dinamo" (Rusiya) klubunun baş direktoru Qalina Danilkina, "Barselona"nın (İspaniya) idman direktoru Xavi O’Kallaqan və "Kayrat"ın (Qazaxıstan) vitse-prezidenti Adil Şaripkulov iştirak edib.
Joze Alesio Da Silva fikrilərini bildirərək, rəqib "Barselona" haqqında danışıb: "Barselona" güclü komandadır. Ancaq bizim onları üstələmək şansımız var. Hər şeyi yarımfinal oyunu göstərəcək. Komandamız bu yarışa ciddi hazırlaşıb. Azarkeşlərin dəstəyi nəticəsində inamlı oyun nümayiş etdirib, Azərbaycan xalqını sevindirəcəyik".
"Dinamo" klubunun baş direktoru Qalina Danilkina Azərbaycanda yaradılmış idman infrastrukturunu yüksək qiymətləndirib və turnirin keçiriləcəyi arenanın dünya standartlarına tam cavab verdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, komandasının yaxşı azarkeşləri var: "Biz 150 azarkeşin Azərbaycan paytaxtına gələcəyinə ümid edirik. Bundan başqa, Bakıda da dostlarımız çoxdur. Onların dəstəyinə ümid edirik. Müxtəlif yarışlar MDB ölkələrində keçiriləndə biz bilirik ki, bu ölkələr qonaqları yüksək səviyyədə qəbul etməyi bacarır. Düşünürəm ki, Bakıda da hər şey belə yüksək səviyyədə olacaq. Qonaqpərvər bir ölkədə olmaq həqiqətən də bizim üçün çox xoşdur".
"Barselona"nın idman direktoru Xavi O’Kallaqan da fikirlərini bildirib: "Final mərhələsini meydan sahibinə qarşı oyundan başlamaq maraqlıdır. Bütün komandalar güclüdür. Biz "Araz"a hörmətlə yanaşırıq. Bilirik ki, Azərbaycan komandasına qarşı çətin olacaq. Güclü komanda bu görüşdə qalib gələcək".
"Kayrat"ın vitse-prezidenti Adil Şaripkulov azarkeşlərin onları dəstəkləyəcəyinə inandığını deyib: "Heç də az olmayan azarkeşlərimizin Bakıda bizi dəstəkləyəcəyini gözləyirik. MDB məkanından üç klubun yenidən "Dördlər finalı"na yüksəlməsi xoşdur. Düşünürəm ki, Azərbaycan paytaxtının təşkilati məsələlərdə problemi olmayacaq. Bütün iştirakçılara uğurlar diləyirəm. Ancaq biz ötənilki uğurumuzu təkrarlayıb, UEFA Kubokunu qazanmaq istəyirik".
Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, ilk oyunlarda Naxçıvanın "Araz" komandası İspaniyanın "Barselona", Qazaxıstanın "Kayrat" komandası isə Rusiyanın "Dinamo" kollektivi ilə qarşılaşacaq. Yarışın təqviminə əsasən, aprelin 24-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək "Kayrat" - "Dinamo" matçı saat 18:30-da, "Araz" - "Barselona" görüşü isə saat 21:00-da başlayacaq. Üçüncü yer uğrunda aprelin 26-da təşkil olunacaq oyun saat 19:00-da, final qarşılaşması isə saat 21:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB